“Çox qürurlanıram ki, Azərbaycan dünyaya və regiona sülh gətirmə ilə bağlı bir çox proseslərinin mərkəzindədir”.
Bu sözləri Telexeber.az a Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov 28 May -Müstəqillik Günü ilə əlaqəli açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan Şimaldan Cənuba, Şərqdən Qərbə bağlantı layihələri həyata keçirir və bunların məqsədi yalnız bizneslər üçün ən sürətli yollar qurmaq deyil, həmçinin regiona və dünyaya daha çox rifah və inkişaf gətirməkdir. “Biz heç zaman heç bir qonşularımıza qarşı olmamışıq. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra qürurla deyə bilərəm ki, regionda sülh mümkündür.
Xalqımız 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığı böyük Qələbəyə qədər 18 oktyabr tarixini Müstəqillik Günü kimi qeyd edirdi. Xoşbəxt xalqıq ki, 1991-ci ildən bəri bu bayramı tam fərqli şəkildə - öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edirik.
Cənab başçı bildirib ki, Vətən müharibəsindəki tarixi Qələbə, ərazi bütövlüyümüzün bərpası, Azərbaycanın qazandığı böyük nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yenidən baxmağı zəruri etdi. Bu səbəbdən 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabrın isə Müstəqilliyin Bərpası Günü adlandırılması ilə bağlı qanun layihəsi Milli Məclisə təqdim olundu və müzakirələrdən sonra təsdiqləndi.
“Azərbaycanın Vətən müharibəsində tarixi ədaləti bərpa etməsi SSRİ dövründə süni şəkildə ortaya atılmış “Dağlıq Qarabağ” ifadəsinin siyasi leksikondan çıxarılması, tarixi torpaqlarımızda qurulmuş Ermənistan Respublikası ərazisindəki yaşayış məntəqələrinin Azərbaycanın milli toponimləri ilə təqdim olunması kimi vacib məsələləri də aktuallaşdırdı. Yeni inkişaf mərhələsində, həmçinin dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik tarixi günlərin mahiyyət və məzmun baxımından daha dəqiq təsbit olunmasına ehtiyac yarandı. 18 oktyabr Müstəqillik Günü adlandırılsa da, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının preambulası mahiyyət etibarilə müstəqilliyin bərpası ideyası üzərində qurulub. Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi müvafiq Bəyannamənin adı da "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" adlanır. Yəni, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının məzmunu ilə başlığı arasında texniki uyğunsuzluğa yol verilib və nəticədə Aktın adı “müstəqilliyin bərpası” əvəzinə, “müstəqillik aktı” kimi qəbul olunub. Nəzərdə tutulan düzəliş̧ məhz bu uyğunsuzluğu aradan qaldırdı”, - deyə Məmməd Məmmədov qeyd edib.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı onuda bildirib ki, beynəlxalq təcrübəyə nəzər salsaq, qonşu Gürcüstanda da milli dövlətin yarandığı gün Respublika Günü deyil, Müstəqillik Günü adlanır. ABŞ öz yaranma tarixini İstiqlaliyyət Günü kimi qeyd edir. Düzəlişlər Azərbaycan Xalq Cümhuriyyəti və müasir Azərbaycan Respublikası arasında siyasi-hüquqi varisliyin daha dəqiq və qabarıq formada ifadə olunmasını təmin edir. Bu, həmçinin ermənilərin “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının adına istinad edərək, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin heç vaxt müstəqil Azərbaycan Respublikasının tərkibində olmaması və sovet qanunvericiliyinə əsasən 1991-ci il 2 sentyabr tarixli referendumla onun tərkibindən ayrılması barədə ortaya atdıqları arqumenti də tam sıradan çıxarır. Vətən müharibəsindən sonra Azərbaycan Prezidentinin 2021-ci il 7 iyul tarixli Sərəncamı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılması ilə “Dağlıq Qarabağ” termini də hüquqi və siyasi baxımdan ləğv edildi.
Məmməd Məmmədov sonda bu gün münasibətilə Azərbaycan xalqını təbrik edib:
"Ali Baş komandan başda olmaqla, bütün vətənsevər vətəndaşları təbrik edirəm. Bizim müstəqilliyimiz əbədidir, dönməzdir. Bu istiqamətdə bütün addımları atmağa hazırıq. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə tezliklə şəfa versin".
Telexeber.az