Bu gün ölkəmiz yalnız regionun deyil, eləcə də dünyanın ən güclü dövlətlərindən biridir. İstər iqtisadi, istər siyasi, istərsə də uğurlu idarəçilik modelinin tətbiqində Azərbaycan fenomeni dünyada öz sözünü deməkdədir.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdaraq ölkənin parçalanmasının qarşısını alması, baş verən siyasi hərc-mərcliyə son qoyması ilə ölkəmiz inkişaf yoluna qədəm qoydu. Məhz 1993-cü ildə Ümummilli Liderin əsasını qoyduğu müstəqil Azərbaycanın uğurlu inkişafı özü ilə gətirəcəyi xoş günlərin anonsunu verdi. Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət Azərbaycanı bugünkü qüdrətinə çatdırdı.
İyirmi il bundan əvvəl Ulu Öndər xalqımıza səslənərək qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, onun siyasi varisi, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırdı. Heydər Əliyev İlham Əliyevin siyasi konturlarını müəyyən edərək, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət olduğunu qeyd etdi. Müraciətində həm də Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görüləcəyini bildirdi.
Bu sözləri Telexeber.az a açıqlamasında “İmişli Regional Elektrik Şəbəkəsi”nin rəisi Zülfü müəllim söyləyib.
O qeyd edib ki, Azərbaycan xalqı Ulu Öndərin bu çağırışını qəbul edərək seçkilərdə öz gələcək Liderini seçdi. O Lider xalqımızın taleyüklü məsələlərinin həllində bir daha öz mövqeyini göstərdi. Prezident İlham Əliyev Ümummilli Liderin xalqa müraciətində qeyd etdiyi axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri başa çatdırdı. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, - deyə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına tarixi müraciətində bildirmişdi.
“Məhz Prezident İlham Əliyev xalqın sevgisini və dəstəyini qazanaraq, bizi dünyanın ən güclü dövlətlərindən birinə çevirdi. Uzun illər həllini tapmamış münaqişəni 44 gün kimi qısa müddət ərzində həll etdi və bizi rəhbərlik etdiyi rəşadətli ordusu ilə bərabər qələbədən-qələbəyə apardı. Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bu Zəfər həm də xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildi. Dövlətimizin başçısının “Dəmir yumruğ”u hesabına tarixi torpaqlarımız düşmən işğalından azad edildi. Beynəlxalq siyasətin mahir bilicisi olan Prezident İlham Əliyev Qarabağdakı münaqişənin sülh yolu ilə həll edilməsi məqsədilə ATƏT-dən mandat almış vasitəçilərin münaqişənin həllindən yayınmasını müəyyənləşdi. Tərəfləri sülhə dəvət edən vasitəçilərdən konkret nəticəyönümlü addımların atılmasını tələb edərək, münaqişənin həllinin qeyri-müəyyən tarixə təxirə salınmasının qarşısını aldı.
Azərbaycan Ordusunun tarixi Zəfəri ilə bitən Vətən müharibəsi dövlət başçısının ordu quruculuğuna ayırdığı yüksək diqqət və qayğının nəticəsi idi. Azərbaycan Ordusunun arsenalının müasir silahlarla gücləndirilməsi, şəxsi heyətin yüksək döyüş hazırlığında yetişməsi istiqamətində atılan məqsədyönlü addımların bəhrəsini gördük. Ordumuzun göstərdiyi şücaətin əsasında isə onların Vətənə, millətə və xalqa olan bağlılıqları idi”, - deyə o vurğulayıb.