Qoyunları təmizləyərkən faciəvi şəkildə vəfat etdilər - İki gəncin ölümünün təfərrüatları
- 20.06.2024, 09:26,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Cəlilabad rayonunda iki həmkəndlinin suda boğulması ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Telexeber.az-ın Report-a istinadən məlumatına görə, hadisə bu gün Cəlilabadın Hamaraqışlaq kəndində yerləşən su bəndində qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü Nihat Aşurov su bəndində qoyunları yuyarkən bəndə yıxılıb. Ona kömək etmək üçün digər kənd sakini, 2004-cü il təvəllüdlü İbrahim Həsənov suya atılıb. Lakin az sonra hər iki şəxs suda görünməz olub. Yaxınlıqdakı şəxslər ilk olaraq Nihatın cansız bədənini sudan çıxarıblar. Lakin İbrahimin axtarışı nəticə verməyib. Onun meyiti hadisə yerinə cəlb olunmuş Fövqəladə hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb.
Hər iki şəxsin meyiti Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.
Hadisə ilə bağlı müvafiq araşdırmalar davam etdirilir.