
“Türk Dövlətləri Təşkilatının güclənməsinin əsasında dövlət başçılarımızın qətiyyətli siyasi iradəsi dayanır. Azərbaycan Prezidenti, möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunda Türk dünyasının inteqrasiyası əsas strateji prioritetlərdən biridir”.
Telexeber.az xəbər verir ki, bu fikirləri Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşündə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib.
Komitə sədri qeyd edib ki, dövlət başçısının “Bizim bir ailəmiz var, o da Türk dünyasıdır” bəyanatı hər birimiz üçün rəhbər prinsipə çevrilib və bu yanaşma ortaq mənəvi dəyərlər üzərində yekdilliyin formalaşdırılmasına, gələcəyə birlikdə addımlamağa yönəlmiş baxışı ifadə edir:
"Bu gün dünya sistemli şəkildə yayılan anti-islam meyilləri və müxtəlif ideoloji çağırışlarla üz-üzədir. İslam dinini terrorla eyniləşdirməyə, müqəddəs dəyərlərimizi hədəfə almağa çalışan təhlükəli tendensiyalara qarşı ən qətiyyətli mövqe nümayiş etdirən ölkələrdən biri də Azərbaycandır. Xalqlarımızın sahib olduğu ən böyük sərvət ortaq mənəvi dəyərlərimizdir. Əsrlər boyu birgə yaşayışdan qaynaqlanan zəngin mənəvi irsimiz Türk-islam sivilizasiyasının əsasını təşkil edir. Bu sivilizasiya dünyaya hər zaman sülh, ədalət və humanizm mesajları çatdırıb".
Ramin Məmmədov, həmçinin, Türk Dövlətləri Təşkilatı çərçivəsində dini icmalar və müsəlman dini idarələri rəhbərlərinin şurasının fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, təsis olunan yeni platforma strateji baxımdan mühüm əhəmiyyət kəsb edir:
"Şuşada əsası qoyulan platforma Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini sahəyə məsul dövlət qurumlarını ortaq məqsədlər ətrafında daha da yaxınlaşdıracaq və Türk dünyasının mənəvi birliyinin möhkəmlənməsinə mühüm töhfə verəcək”.