
"Dini azadlığın təmin edilməsi, müqəddəs dəyərlərə hücumların qarşısının alınması, nifrət nitqi və dini ayrı-seçkiliklə mübarizə əsas hədəflərdən olmalıdır".
Telexeber.az xəbər verir ki, bu fikirləri Şuşada Dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşündə Türkiyə Diyanət İşləri İdarəsinin sədri, Prof. Dr. Safi Arpaquş İslam dünyasının qarşısında duran əsas çağırışlardan danışarkən qeyd edib.
Safi Arpaquş qeyd edib ki, bu cəhalət formaları ilə mübarizə aparmaq, ortaq anlayış formalaşdırmaq və dövrün problemlərinə İslam baxımından real, tətbiq oluna bilən həllər təqdim etmək vacibdir:
"Bu gün İslam dünyasını bürüyən iki növ cəhalət mövcuddur. Bunlardan biri müqəddəs kitabı, Peyğəmbəri və İslam sivilizasiyasını düzgün anlamaqla bağlıdır, digəri isə İslam torpaqlarına qarşı qurulan oyunlar və ssenarilər barədə məlumatsızlıqdır.
Biz eyni kökdən qidalanan çinar ağacının budaqları kimiyik. Köklərimiz, dilimiz, dinimiz, tariximiz, kədərlərimiz və sevinclərimiz birdir. Allah qoysa, gələcəyimiz də bir və birlikdə olacaq”, — deyə Safi Arpaquş vurğulayıb.
O əlavə edib ki, Türk Dövlətləri Təşkilatı bilik əsaslı siyasətlərin hazırlanması və həmrəyliyin gücləndirilməsi ilə bölgədə yeni sivilizasiya hərəkatına rəhbərlik edə bilər.