108 İllik Şərəfli Xidmətin Salnaməsi – Azərbaycan Polisi Dövlətçiliyimizin və Xalqımızın Etibarlı Keşiyindədir


Bu gün – 2 iyul Azərbaycan Polisi Günüdür. Azərbaycan Polisinin yaradılmasının 108-ci ildönümü tamam olur. 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirliyinin tərkibində milli polis orqanlarının yaradılması ilə əsası qoyulan bu şərəfli yol bu gün də dövlətçiliyin, qanunun aliliyinin və ictimai təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan Polisi ötən 108 il ərzində ölkənin keçdiyi bütün mürəkkəb tarixi mərhələlərdə xalqın yanında olub, dövlət müstəqilliyinin qorunmasına, sabitliyin təmin edilməsinə və cinayətkarlığa qarşı mübarizəyə mühüm töhfələr verib.

Azərbaycan polisinin tarixi dövlətçilik tariximizin ayrılmaz hissəsidir. İlk müstəqil respublikamız dövründə yaradılan polis orqanları qısa müddətdə ictimai asayişin qorunması və dövlət təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm fəaliyyət göstərdi. Sonrakı illərdə müxtəlif siyasi və tarixi dəyişikliklərə baxmayaraq, daxili işlər orqanları peşəkarlığını qoruyaraq inkişaf etdi və müasir dövrdə dünyanın qabaqcıl hüquq-mühafizə sistemləri ilə əməkdaşlıq edən çevik və güclü quruma çevrildi.

Müstəqil Azərbaycanın inkişafı ilə yanaşı polis orqanlarında da geniş islahatlar həyata keçirilib. Maddi-texniki bazanın gücləndirilməsi, müasir texnologiyaların tətbiqi, rəqəmsal idarəetmə sistemlərinin qurulması, əməkdaşların peşə hazırlığının artırılması və beynəlxalq təcrübənin öyrənilməsi nəticəsində Azərbaycan Polisi bu gün regionun ən peşəkar hüquq-mühafizə orqanlarından biri kimi tanınır. Əhalinin təhlükəsizliyinin təmin edilməsi, cinayətkarlığa qarşı qətiyyətli mübarizə, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, kibercinayətkarlığa qarşı mübarizə və ictimai qaydanın qorunması istiqamətində əldə olunan nəticələr bunun bariz nümunəsidir.

Azərbaycan Polisi ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan mübarizədə də böyük qəhrəmanlıq nümunələri göstərib. Minlərlə polis əməkdaşı və daxili qoşunların hərbi qulluqçuları Vətən uğrunda döyüşlərdə iştirak edib, yüzlərlə igid övladımız şəhidlik zirvəsinə ucalıb, çoxsaylı əməkdaş isə orden və medallarla təltif olunub. Onların fədakarlığı Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq.

Bu gün Azərbaycan Polisi yalnız qanunun keşiyində dayanan qurum deyil, həm də vətəndaş məmnunluğunu əsas prinsip kimi qəbul edən, cəmiyyətlə sıx əməkdaşlıq edən, insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verən müasir dövlət institutudur. Gecə-gündüz, bayram və istirahət günü tanımadan xidmət aparan polis əməkdaşlarının fədakarlığı ölkədə sabitliyin və əmin-amanlığın əsas dayaqlarından biri hesab olunur.

108 illik şərəfli tarix göstərir ki, Azərbaycan Polisi hər zaman dövlətə və xalqa sədaqətlə xidmət edib. Bu müqəddəs peşəni seçən insanlar çətin və məsuliyyətli xidməti öz həyat amalına çevirərək cəmiyyətin təhlükəsizliyi naminə böyük fədakarlıqlar göstərirlər.

2 İyul – Azərbaycan Polisi Günü münasibətilə bütün polis əməkdaşlarını, xidmətdə olan və ehtiyata buraxılmış daxili işlər orqanları əməkdaşlarını, eləcə də şəhid polis ailələrini səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, çətin və şərəfli xidmətlərində uğurlar, ölkəmizə isə daim sülh, əmin-amanlıq və sabitlik arzulayırıq. Azərbaycan Polisi xalqın və dövlətin keşiyində bundan sonra da eyni qətiyyət və peşəkarlıqla dayanacaq.

Telexeber.az
Популярный ролик