Təklə–Məlikqasımlı yolu 3 ilə niyə dağıldı? Telexeber.az-ın videogörüntüləri ciddi suallar doğurur


Cəlilabad rayonunun Təklə–Məlikqasımlı avtomobil yolunda yaranmış acınacaqlı vəziyyət yenidən gündəmə gəlib. Hadisə yerindən çəkilmiş və Telexeber.az-ın YouTube səhifəsində yayımlanmış videogörüntülərdə yolun bir çox hissəsində asfalt örtüyünün dağılması, yolun yararsız vəziyyətə düşməsi və sürücülər üçün təhlükə yaratdığı əks olunur.

Videoda bildirilir ki, yol 2022-ci ildə istifadəyə verilib. Əgər bu məlumat doğrudursa, cəmi üç il ərzində yolun belə vəziyyətə düşməsi görülən işlərin keyfiyyəti və texniki nəzarətin səviyyəsi ilə bağlı ciddi suallar yaradır.

İctimaiyyət haqlı olaraq soruşur: dövlət büdcəsindən ayrılan vəsait hesabına inşa və ya əsaslı təmir olunan yol necə olur ki, qısa müddətdə yenidən dağılıb əsaslı təmirə ehtiyac duyur?

Bu məsələdə diqqətlər ilk növbədə 46 saylı Cəlilabad Yol İstismarı İdarəsinin rəisi Xudayar Rəhimovun fəaliyyətinə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli rəhbərlik etdiyi qurumun mövqeyinə yönəlir. Cəmiyyət bu suallara aydın cavab gözləyir.

Əgər yolun tikintisi və ya sonrakı təmiri norma və standartlara uyğun aparılıbsa, o zaman yolun qısa müddətdə sıradan çıxmasının səbəbi nədir? Əgər çatışmazlıqlar olubsa, buna görə kim məsuliyyət daşıyır? Yolun keyfiyyətinə nəzarət edən şəxslər və aidiyyəti qurumlar hansı tədbirləri görüblər?

Dövlət büdcəsindən ayrılan hər manat vəsait xalqın vergisi hesabına formalaşır. Bu səbəbdən həmin vəsaitin necə xərclənməsi, görülən işlərin keyfiyyəti və nəticəsi ictimai nəzarət predmeti olmalıdır.

Telexeber.az aidiyyəti dövlət qurumlarını Təklə–Məlikqasımlı yolunda yaranmış vəziyyətlə bağlı hərtərəfli araşdırma aparmağa, yolun tikintisi və təmirinə dair sənədləri, texniki ekspertiza nəticələrini və görülmüş işlərin keyfiyyətinə dair məlumatları ictimaiyyətə açıqlamağa çağırır.

Qeyd edək ki, bu xəbər hadisə yerindən çəkilmiş videogörüntülər və ictimaiyyət arasında səsləndirilən narahatlıqlar əsasında hazırlanıb. Xəbərdə adı çəkilən şəxslər barədə hər hansı qanun pozuntusu faktı təsdiqlənmiş kimi təqdim edilmir. Telexeber.az 46 saylı Cəlilabad Yol İstismarı İdarəsinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və digər aidiyyəti qurumların rəsmi mövqeyini dərc etməyə hazırdır.
Популярный ролик