Ukrayna və Türkiyə arasında Pilotsuz Uçuş Aparatlarının (PUA) birgə istehsalına dair çərçivə sazişi imzalanıb.
Telexeber.az-ın məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bu gün baş tutan görüşdə təhlükəsizlik və sülh məsələlərinin də müzakirə edildiyini qeyd edən Zelenski deyib:
“Qarşımızda duran çətinliklər və onların aradan qaldırılması üçün atılacaq addımlar görüşümüzün əsas mövzuları idi. Ukrayna və Rusiya arasında vasitəçilik təşəbbüsünə görə prezident Ərdoğana təşəkkür etmək istərdim. Biz bütün platformalarda Ukraynada sülhün bərqərar olması üçün əlimizdən gələni etməyə hazırıq".
Zelenski əlavə edib ki, görüşdə müdafiə sənayesi və aviasiya sahəsində əməkdaşlıq da müzakirə olunub: “Bunlar bizim strateji tərəfdaşlığımızın hərəkətverici qüvvələrindən biridir. Məqsədimiz ortaq müdafiə layihələri, ortaq müəssisələr yaratmaq, təcrübə və texnologiya mübadiləsi aparmaqdır. Bu gün imzaladığımız müqavilə ilə Ukraynada BAYKAR PUA-larının istehsalı genişləndiriləcək”.
Qeyd edək ki, Ukrayna Bayraktar TB2 PUA-larının istehsalı üçün torpaq sahəsi ayıracaq. İstehsal üçün istifadə olunacaq hissələr gömrük rüsumundan azad ediləcək.
“Baykar Defence” Ukraynada PUA istehsalı ilə bağlı törəmə müəssisə quracaq. PUA zavodu ilə yanaşı, təlim mərkəzi də tikiləcək. "Baykar" da PUA investisiyalarına görə 10 il müddətinə gəlir vergisindən azad olacaq.
"Baykar"ın Ukraynaya qoyduğu investisiyalar toxunulmaz olacaq. Ukrayna tərəfindən türk investorlarına 49 il müddətinə pulsuz torpaq ayrılacaq. Zavodun tikintisi ilə bağlı bütün maliyyə və kadr məlumatları məxfi saxlanılacaq.
Müqavilənin bitmə tarixi 1 yanvar 2035-ci ildir.