Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri regionlarda uşaq müəssisələrinə başçəkmələr həyata keçirib.
Ombudsman Aparatından Telexeber.az-a verilən məlumata görə, başçəkmə “İnsan Hüquqları Aylığı” çərçivəsində baş tutub.
Qrup üzvləri Gəncə şəhər uşaq evinə, Gəncə şəhər inteqrasiya təlimli internat tipli gimnaziyaya, Goranboy rayonu R.Ağakişiyev adına inteqrasiya təlimli internat tipli gimnaziyaya, Zaqatala şəhər inteqrasiya təlimli internat tipli gimnaziyaya, Quba şəhər valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta internat məktəbinə və Quba şəhər xüsusi peşə məktəbinə əvvəlcədən xəbərdarlıq edilmədən planlı başçəkmələr edib.
Başçəkmələrdə məqsəd həmin müəssisələrdə yaşayan müxtəlif yaş qruplarından olan uşaqların saxlanma şəraitinin və müəssisə əməkdaşlarının onlarla rəftarının, uşaqların hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi olub.
Başçəkmələr zamanı müəssisələrin korpuslarına, yataq, dərs və asudə vaxtın təşkili üçün nəzərdə tutulmuş otaqlarına, yeməkxanasına, mətbəxinə, ərzaq anbarına, tibb otağına və digər yerlərə baxışlar keçirilib.
Rəftar məsələlərinin araşdırılması məqsədilə müəssisə rəhbərliyi və əməkdaşları, burada çalışan psixoloq və digər ixtisaslı mütəxəssislərlə, həmçinin uşaqlarla təsadüfi seçim əsasında fərdi və qrup şəklində söhbətlər aparılıb.
Başçəkmələr zamanı aşkar olunan çatışmazlıqların aradan qaldırılması ilə bağlı müəssisə rəhbərlərinə tövsiyələr verilib, habelə uşaqların hüquqlarının qorunması və gələcəkdə onlara qarşı hər hansı pis rəftar hallarının baş verməsinin qarşısının alınması məqsədilə müəssisə əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılıb.