Azərbaycanın paytaxtı Bakı ənənəvi olaraq Xəzər regionunun neft-qaz və enerji
sektorunun ən mötəbər tədbirinə - "Bakı Enerji Həftəsi"nə ev sahibliyi edir. Üç əsas
tədbiri - 27-ci Beynəlxalq "Xəzər Neft və Qaz" sərgisini, 10-cu Yubiley Xəzər Beynəlxalq
Energetika və Alternativ Enerji" sərgisini və "Xəzər Neft və Qaz Konfransı"nı özündə
birləşdirən "Bakı Enerji Həftəsi"ni fərqli edəcək məqam həm də tədbirlərdən birinin
Şuşada keçirilməsi olacaq. Bu, əlbəttə ki, iri xarici investorların marağını cəlb etmək
baxımından son dərəcə vacibdir.
Ənənəvi "Xəzər Neft və Qaz" sərgisində 30 müxtəlif ölkəni təmsil edən 249
şirkət təmsil olunur. İştirakçıların siyahısında Almaniya, ABŞ, Azərbaycan, Belarus,
Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, Hindistan, İsveçrə, İtaliya, MDB ölkələri,
Norveç, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Xorvatiya və Yaponiyanın şirkətləri
daxildir.
Qeyd edək ki, Azərbaycanın neft strategiyasında özünəməxsus yer tutan "Xəzər
Neft və Qaz" sərgisi ilk dəfə Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə -
1994-cü ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının
genişmiqyaslı işlənilməsi üzrə əsas istiqamətləri müəyyən edən və respublikanın neft
tarixində yeni dövrün əsasını qoyan "Əsrin müqaviləsi"nin imzalanması ərəfəsində
keçirilib. Həmin dövrdə Ümummilli lider Heydər Əliyev bu sərgini "dünya neft-qaz
şirkətlərini ölkənin neft-qaz sahəsinin inkişafına cəlb etmək üçün münasib platforma"
hesab edərək, Azərbaycanda neft-qaz sənayesi üzrə ilk ixtisaslaşdırılmış sərginin
keçirilməsi təşəbbüsünü dəstəkləyib və o vaxtdan etibarən, "Xəzər Neft və Qaz" sərgisi
neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və
memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı
platformaya çevrilib.
Sərginin keçirilməyə başladığı tarixdən etibarən Azərbaycanda bu sahə yeni
mərhələyə qədəm qoyub. Bu gün Azərbaycan enerji təhlükəsizliyinə, xüsusilə "yaşıl
enerji" siyasətinə münasibətdə uzunmüddətli hədəflər müəyyən edib. Prezident cənab
İlham Əliyevin bildirdiyi kimi, 2030-cu ilədək olan dövrdə Azərbaycan "yaşıl artım"
ölkəsinə çevrilməyi və təmiz ətraf mühitə nail olmağı sosial-iqtisadi inkişafa dair milli
prioritetlərdən biri kimi müəyyən edib. Dövlət başçısı sərginin açılış mərasimində çıxışı
zamanı işğaldan azad edilmiş Azərbaycan ərazilərinin alternativ enerji resursları
baxımından böyük potensialı olduğunu vurğulayıb.
Bir neçə enerji tədbirini özündə birləşdirən, "Bakı Enerji Həftəsi"nin çox böyük
əhəmiyyəti var. Builki "Bakı Enerji Həftəsi"nin əhəmiyyəti həm də ona görə daha artıqdır
ki, Xəzər bölgəsinin, xüsusən ölkəmizin enerji potensialı əvvəlkindən bir az da çox
diqqət mərkəzinə gəlib və hazırda olduqca mühüm alternativ mənbə rolunu oynamağa
başlayıb. Bu da dünyada yaranan enerji böhranı ilə bağlıdır. Bu mənada Azərbaycanın
enerji resursları alternativ mənbə rolunu oynuyur. Hazırda "Cənub Qaz Dəhlizi"
layihəsinin önəmi hədsizdir. Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bu layihə
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və bu enerji
dəhlizinin gələcəkdə genişləndirilməsi imkanlarına baxılır.
Azərbaycan həmişə Xəzər dənizini əməkdaşlıq və sərmayələr məkanı kimi
görmək istədiyini bəyan edib. Dövlət başçısının dediyi kimi, "Cənub Qaz Dəhlizi"
həqiqətən də fərəhlənə biləcəyimiz layihədir. Bu, bizə nəhəng "Şahdəniz" qaz-
kondensat yatağında hasilatı artırmaq imkanı yaratdı. Düz bir il beş aydır ki, bu yeni
müasir infrastrukturdan öz qaz ehtiyatlarımızın nəqli üçün istifadə edirik. Avropa
qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişlənməsində həm biz, həm də
qarşı tərəf maraqlıdır. Keçən il Azərbaycandan 22 milyard kubmetr təbii qaz ixrac edilib.
Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olsun. Gələn il isə daha da çox olacaq.
Düşünürəm ki, hazırda Bakıda keçirilən və haqqında söhbət açdığımız tədbir bütün
sadalananlar baxımından irəliyə daha aydın baxmaq üçün mühüm körpülər yaradacaq.
Cavid Dadaşov,
“Salyan OİL” LTD şirkətində Ekologiya şöbəsinin rəisi