Mən orucluyam!

Mən orucluyam!



"Oruc (cəhənnəm alovuna qarşı) qalxandır.

Oruc tutmuş adam pis söz danışmasın və cahillik etməsin.

Kimsə ona qarşı söyüş söyüb kobudluq etsə, cavabında yalnız iki dəfə bunu desin:

"MƏN ORUCLUYAM!"

Həzrət Mühəmməd Peyğəmbər (s).

Beş.az islam.az-a istinadən bildirir ki, dünyamızda mübarək Ramazanın izlərini nə qədər hiss edirik? Təəssüf ki, əksər müsəlman ölkələrindən gələn xəbərlər bu suala mənfi cavab verməyi tələb edir. İraq, Suriya kimi məmləkətlərdə nəinki döyüşlər səngimir, hətta Allahın haram aylarından olan Ramazan başlayalı tökülən qanların, törədilən qətllərin sayı daha da artıb. Digər müsəlman ölkələrində də vəziyyət əvvəlki aylardan fərqlənmir. Hər şey əvvəlki kimidir - siyasi mübarizələr, ağır ittihamlar, ölkədaxili çəkişmələr, aclıq, səfillik...

Vətənimiz də bu panoramdan kənarda qalmaq fikrində deyil deyəsən. Yenə hərə öz əvvəlki işindədir. Haram yeyən haramını yeməkdə, rüşvət alan rüşvətini almaqda, ətrafını söyən yenə söyüş yağdırmaqda, yeyən yeməyində, içən içməyindədir. İçənlərə gəlincə... Küçədə açıq kafelərdə soyuq meyvə şirəsi ilə öz günahkar qəlbinə sərinlik gətirmək istəyən və yoldan ötən orucluları öz günahkar qəlbinin ucqar bir guşəsində də yada salmayan insanlar bir tərəfə qalsın. Araq içənlərin də böyük bir hissəsi öz kefindədir. Yaxın günlərin birində iftara az qalmış marketdən aldıqlarımın pulunu kassaya ödəyəndə mənimlə yanaşı duran və əlindəki bir butulka adını bilmədiyim arağın, iki butulka da Xırdalan pivəsinin pulunu verməyə hazırlaşan "müsəlmana" baxanda tüklərimin ürpəşdiyini hiss etdim. Amma bilmədim nifrətdən idi, ya təəccübdən?..

Bəzi yaxın qonşu ölkələrin televiziya kanalları heç olmasa, üzdən də olsa, bütün ölkədə Ramazan əhval-ruhiyyəsinin yaşandığını göstərməyə çalışırlar. Bizdə heç bu da yoxdur. Bayağı şoular, əttökən musiqilər, zövqsüz qonaqlıqlar yenə öz axarı ilə gedir. Deyəsən, Ramazanın gəlişini az-çox hiss edənlər şadlıq saraylarının işçiləridir. Görünən yalnız budur ki, toyların arası kəsilib. Amma evlərdəki "toylar" davam edir. Ramazandan əvvəl şadlıq evlərində içilən araqlar bu ay musiqisiz restoranlarda və evlərdə təkbaşına içilir.

Dindarlarımız oruc tuturlar. Amma şeytani əməllərindən əl çəkməyənlər də tapılır. Biri Ramazan ayında başqa bir rayona gedib, orada əhaliyə yad olan öz qeyri-ənənəvi əqidəsini yaymağa çalışır. O birisi də tutub bunun saqqalını kəsir. Facebook səhifələrinə nəzər salsaq, nəinki vəhhabilərlə şiələrin arasında, lap elə şiələrlə şiələrin arasında bir çox lazımsız və ən əsası, əsassız mübahisələrin şahidi oluruq.

Unutmayaq, Ramazan - hüzur, aramlıq, barış və sevgi ayıdır. Ramazan - yalnız qətl və müharibələrin deyil, həm də mənasız söz dava-dalaşlarının kəsildiyi, söyüş yarışlarının fasilə verdiyi, qeybət bazarlarının bağlandığı aydır. Əks halda, tutduğumuz orucun nə faydası?.
Популярный ролик