İlham Əzimovun rəhbərlik etdiyi Bərdə 28 saylı Yol İstismarı İdarəsi rayonun yollarına yüksək səviyyədə xidmət göstərir
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq ölkənin bütün regionlarında yol infrastrukturunun yenilənməsi istiqamətində aparılan işlər çərçivəsində bu gün Bərdə rayonu ərazisində də avtomobil yollarının bərpa və təmiri, yeni yolların çəkilişi böyük vüsətlə həyata keçirilir. Müasir yol infrastrukturunun yaradılması istiqamətində yenidənqurma işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbərliyinin birbaşa nəzarəti altında tikinti norma və qaydalarına uyğun olaraq yüksək keyfiyyətlə aparılır. Təbii ki, yol-nəqliyyat infrastrukturunun inkişafına dair Dövlət Proqramının uğurla həyata keçirilməsi baxımından, bu rayonda işlərin bilavasitə icraçısı olan Bərdə 28 saylı Yol İstismarı İdarəsinin səmərəli fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir.
AAYDA – Dövlət Proqramlarının effektiv icrası yüksək səmərəliliklə təmin edilir
Bu gün sürətlə inkişaf edən ölkəmizdə bütün sahələrdə olduğu kimi, yol-nəqliyyat sektorunda da davamlı şəkildə çoxşaxəli və irimiqyaslı layihələr həyata keçirilir. Məlum olduğu kimi, hazırda bütün dünyada qlobal pandemiya elan olunmuş koronavirus infeksiyasının sürətlə yayıldığı dövrdə belə, bəzi strateji əhəmiyyət kəsb edən sahələrin fəaliyyəti hətta xüsusi karantin rejimində də dayandırılmamışdır. O cümlədən Azərbaycanda yol-nəqliyyat sektorunda işlər bu gün də yüksək dinamika ilə davam etməkdədir. Ölkədə yol infrastrukturunun bərpası və yenidən qurulması istiqamətində davamlı olaraq həyata keçirilən tədbirlərin effektiv nəticələri də göz qabağındadır.
Həm paytaxt Bakıda, həm də regionlarda yol infrastrukturunun inkişafını təmin etmək məqsədilə görülən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri üzrə işlərin həcmi ildən-ilə artır. Təbii ki, yol-nəqliyyat infrastrukturunun inkişafına dair Dövlət Proqramının uğurla həyata keçirilməsi baxımından Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin səmərəli fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Məhz bu qurumun fəaliyyəti bu gün istər paytaxt Bakıda, istərsə də rayon və bölgələrimizdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı irimiqyaslı layihələrin uğurla həyata keçirilməsini təmin edir. O cümlədən digər regionlarda olduğu kimi, Bərdə rayonunda da yol infrastrukturunun yenilənməsi işlərini Agentliyin rəhbərliyi bilavasitə diqqət mərkəzində saxlayır. Bunu da xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədri cənab Saleh Məmmədovun dövlətə və Ölkə Prezidentinə yüksək sədaqət prinsiplərini hər zaman öz işində rəhbər tutmasının nəticəsi olaraq, yol infrastrukturunun inkişafı ilə bağlı Agentlik tərəfindən görülən bütün işlərin keyfiyyəti ildən-ilə artır.
Bərdədə yolların yenilənməsi ilə bağlı bütün işlər yüksək keyfiyyətlə həyata keçirilir
Qeyd etdiyimiz kimi, yol-nəqliyyat infrastrukturunun inkişafına dair Dövlət Proqramının uğurla həyata keçirilməsi baxımından, işlərin bilavasitə icraçıları olan yol-istismar idarələrinin səmərəli fəaliyyətləri xüsusi əhəmiyyət kəsb edir. Bu gün gördüyü işlər haqqında bəzi məlumatları təqdim edəcəyimiz müəssisə də Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Bərdə 28 saylı Yol İstismarı İdarəsidir.
Respublikamızın hər yerində olduğu kimi Bərdə rayonunda da yol infrastrukturunun yenidən qurulması istiqamətində böyük işlər görülüb. Son illərdə respublika əhəmiyyətli Yevlax-Xocalı-Laçın və Bərdə-İstisu avtomobil yollarının Bərdə rayonu ərazilərindən keçən hissələri əsaslı təmir edilib. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı, Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar, Yeni Daşkənd-Umudalılar, Muğanlı-Körpüsındıran kəndlərarası avtomobil yolları yenidən qurulub. Bərdə şəhəri ərazisində və Əyricə kəndinə gedən avtomobil yolunda, Tərtər çayı üzərində körpülər tikilib.
Qeyd edək ki, ötən il Bərdə rayonunda kənd yollarının da təmir olunması istiqamətində çox işlər görülüb. Belə ki, həmin dövr ərzində Lənbəran-Təhlə, Saatlı, Mirasəfli kəndlərinə gedən 11,7 kilometr yol asfaltlanıb. Qaraağacı-Mollagüllər, Mollalı, Bala Qəcər-Qullar, Kətəlparaq-Piyadalar, Qayalı və Bəcirəvan avtomobil yollarına da çınqıl yatağı döşənərək asfalt çəkilib. Həmçinin Zümürxan-İmamqulubəyli-Çəmənli və İkinci Qaradəmirçi avtomobil yollarında asfalt örtüyün salınması işləri həyata keçirilib.
Aparılan müşahidələr belə deməyə əsas verir ki, İlham Əzimovun rəhbərlik etdiyi Bərdə 28 saylı Yol İstismarı İdarəsinin kollektivi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bütün imkanları bacarıqla səfərbər edir. Bu xüsusda əldə etdiyimiz məlumatlarda da qeyd olunur ki, məhz İ.Əzimovun yüksək peşəkarlığı və effektiv idarəçilik qabiliyyəti bu müəssisənin analoji müəssisələr sırasında xüsusilə seçilməsini, eləcə də görülən işlərin yüksək keyfiyyətini təmin edir. Heç şübhə etmirik ki, Bərdə 28 saylı Yol İstismarı İdarəsinin kollektivi bundan sonra da yol-nəqliyyat infrastrukturunun inkişafına dair Dövlət Proqramlarının həyata keçirilməsi istiqamətində öz səmərəli fəaliyyətlərini uğurla davam etdirəcəklər.
P.S. Təəssüflər olsun ki, son vaxtlar bəzi saytlarda sözügedən müəssisənin fəaliyyətinə kölgə salmaq niyyətilə dərc olunmuş və özündə əsassız ittihamlar əks etdirən yazılara rast gəlinir. Tam məsuliyyətlə deyə bilərik ki, həmin yazıların müəllifləri Bərdə yollarında gedən intensiv quruculuq işlərindən və bu işlərdə bilavasitə İlham Əzimovun rəhbərlik etdiyi Bərdə 28 saylı Yol İstismarı İdarəsi kollektivinin payından tamamilə xəbərsizdirlər. Əks halda bu qədər təhrif olunmuş, bəzi məqamlarda isə hətta açıq-aşkar böhtan xarakteri kəsb edən informasiya heç bir materialda yer ala bilməzdi. Bu xüsusda bütün həmkarlarımızı diqqətli olmağa və obyektivlik prinsiplərini gözləməyə çağırırıq.