Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verməsinin səbəbi açıqlanıb.
Ali Məclisin mətbuat xidmətindən Telexeber.az-a verilən məlumata görə, bu gün qanunverici orqanın altıncı çağırış səkkizinci sessiyası keçirilib.
Sessiyanın gündəliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müraciətinə baxılması məsələsi daxil edilib.
Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov səhhəti ilə bağlı müraciətinə baxılmasını xahiş edib.
Daha sonra isə qərar layihəsi sessiya iştirakçılarının diqqətinə çatdırılıb.
Qərar səsə qoyularaq qəbul olunub.
Sonra A.Zeynalov sessiyaya yekun vuraraq deyib ki, bundan sonra da Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələri əsas fəaliyyət istiqamətimiz olacaq, dövlət başçısı tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasi xəttinə sadiq qalacağıq.
Bununla da Ali Məclisin altıncı çağırış səkkizinci sessiyası öz işini başa çatdırıb.
14:23
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sessiyada özü iştirak etməyib. Ötən gecə Bakıdan qayıdan Vasif Talıbovun istefa ilə bağlı müraciətini müavini oxuyub.
Telexeber.az Oxu.Az-a istinadən xəbər verir ki, saat 12-də baş tutan sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun istefasını birinci müavini Azər Zeynalov səsləndirib. Müraciətdə Vasif Talıbovun səhhətində yaranan problemlərə görə istefa verdiyini açıqlanıb.
Müraciətdə həm də V.Talıbovun Ali Məclisinin sədri vəzifəsindən istefa etsə də, deputat kimi fəaliyyətini davam etmək istədiyi qeyd edilib.