Sabunçu rayonu Savalan qəsəbəsində yerləşən 28 saylı tam orta məktəbin 7-ci sinif şagirdinin qızılcadan vəfat etməsi ilə bağlı məlumat yayılıb.
Telexeber.az Qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən məktəbdən Aysel adlı şagirdin ölümü ilə bağlı bildirilib ki, şagird bir neçə gün öncə vəfat edib:
“Bizdə olan məlumata əsasən, şagirdin ölümünə səbəb ona vurulan iynədən komaya düşməsidir”.
Sözügedən məktəbdə qızılcanın sürətlə yayıldığı iddiasına gəlincə, məktəb bunu təkzib edib:
“Qızılcanın sürətlə yayılması ilə bağlı iddialar isə doğru deyil. Dərslərimiz öz qaydasında davam edir. Hər gün bununla bağlı məlumat idarəyə ötürülür”.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib:
“2010-cu il təvəllüdlü yeniyetmə (qadın cinsli) 29.01.2024-cü il tarixində təcili tibbi yardım avtomobili vasitəsilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məmmədli modul tipli xəstəxanaya ağır vəziyyətdə yerləşdirilib. Daxil olarkən vəziyyəti son dərəcə ağır olub, huşu qaranlıq, dərin intoksikasiya əlamətləri qeyd olunub.
Aparılan bütün zəruri tibbi yardımlara və reanimasyon tədbirlərə baxmayaraq, saat 00:40-da bioloji ölüm baş verib.
Ölüm səbəbi kimi qızılcanın ensefalitlə ağırlaşması, ürək və tənəffüs çatışmazlığı qeyd olunur”.