Masazırda yanğın: 62 nəfər təxliyə edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən Telexeber.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən altımərtəbəli mansard tipli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzildə yanğın baş verdiyi və genişlənərək digər mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində altımərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 60 kvadratmetr olan ikiotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 kvadratmetr sahədə yanıb, yüksək temperaturdan hamam otağının plastik qapısı, dəhlizin üzlüyü və tavanı 5 kvadratmetr sahədə deformasiya edib.

Təhlükəsizlik tədbirləri çərçivəsində 5-i azyaşlı olmaqla 62 nəfər bina sakini təxliyə edilib.
Популярный ролик