Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanov məhkəmədə sərbəst ifadə verib.
Telexeber.az APA-ya istinadən xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda İlkin Süleymanov həbs olunandan sonra qətli boynuna götürmək üçün təzyiqlərə məruz qalmasından danışıb.
Təqsirləndirilən şəxsin sözlərinə görə, ona məcburi qaydada etiraf ərizəsi yazdırıblar: "Həbs olunduğum ilk günlər idi. Təzyiq altında mənə kağıza "Ata məni bağışla, bir səhvdir etmişəm", sözlərini yazdırdılar. O qədər təzyiq etdilər, sonda dedim ki, nə desəniz, boynuma alacam. Bunun çoxu rəis müavini Şahlar Cəfərovun otağında olub".
Təqsirləndirilən şəxs daha sonra Nərmin itkin düşdüyü vaxtlardan danışıb: "Nərmin itkin düşdüyü gün bacımgilin evində qalmışam. İki gün sonra bacımgildən çıxıb evə gələndə Nərminin əmisi Arifgilin evinin yanında polis maşınları gördüm. Dedilər ki, Şərifin qızı itkin düşüb. Nərmin itkin olan müddətdə kənddə müxtəlif toy və yas mərasimlərində iştirak etmişəm".
İlkin Süleymanov Nərmini ümumiyyətlə, tanımadığını deyib: "Mən Nərmini tanımamışam. Ona kitab-dəftərlər verməyim barədə deyilənlər tamamilə yalandır".
Məhkəmə İlkin Süleymanovun ifadəsini yarımçıq saxlayaraq prosesi mayın 11-ə kimi təxirə salıb.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.