Riad Rəfiyev: "Heç qarşımıza qoyulan işin yarısını görməmişik"

Riad Rəfiyev: "Heç qarşımıza qoyulan işin yarısını görməmişik"



"Sumqayıt"ın prezidenti və AFFA Klublar Komitəsinin sədri Riad Rəfiyev evdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Kubokunun ilk yarımfinal matçından sonra brifinq keçirib.

"Report"un məlumatına görə, Rəfiyev öncə oyunu dəyərləndirib:

- Nəticə bizi razı salıb və ya salmayıb - bunu demək düzgün deyil. Qarşıda ikinci oyun da var. Artıq ikinci oyuna uyğun olaraq demək olar ki, birinci matçda nəticə yaxşı idi və ya pis idi. Ona görə də indidən nəsə demək tezdir.

Meydanda göstərilən mübarizə sizi inandırırdımı cavab görüşündə lazım olan nəticəni qazana bilərsiniz?

- İnam olmasa, biz də burda olmamalıyıq. Uşaqlara sona qədər inanırıq. Özümüzə inanırıq və əlimizdən gələni edəcəyik. İnanıram ki, oyunçular əllərindən və ayaqlarından gələni edəcəklər ki, mərhələni keçsinlər.

Bu gün "Sumqayıt" meydana itkilərlə çıxdı. Müdafiənin əsas üzvləri yox idi. Cavab oyununda da onlar olmayacaq. Həmin görüşdə yaxşı nəticəyə inanırsınızmı?

- 0:0 elə hesabdır ki, inam var. Meydana optimal heyətlə çıxacağıq. Futboldur. Yaxşı və ya pis nəticə olduğunu hazırda bilmirik. Qol buraxmamaq əlbəttə ki, yaxşıdır. Pis hal deyil.

Klublar Komitəsinin iclasından sonra demişdiniz ki, Naxçıvan variantı əlverişli deyil, başqa yerdə olmasını istərdik. Finala çıxsanız, necə olacaq?

- Tam elə olmamışdı. Klublar Komitəsində söhbət finaldan düşəndə Naxçıvan barədə bəzi suallar var idi. Bəzi nüansları bilmək istəyirdilər. Orada belə olmamışdı ki, kimsə narazılığını bildirdi.

Sadəcə bəzi suallar var idi. Bu, təşkilatçılıqla bağlı suallar var idi. Həmin suallara aydınlıq gəlib ki, yəqin ki, oyunu Naxçıvan şəhər stadionuna təyin ediblər, bu, artıq PFL-in işidir.

Bəlkə bir qədər tez olacaq, amma finalda "Qarabağ", yoxsa "Qəbələ" ilə qarşılaşmaq sizin üçün daha yaxşı olar?

- Biz hələ finala çıxmamışıq, heç qarşımıza qoyulan işin yarısını görməmişik, ona görə də düşünürəm ki, bu barədə danışmaq tezdir.
Популярный ролик