Ələt azad iqtisadi zonasının yaradılması yükdaşımaları artıracaq
- 13.06.2020, 08:51,
- İqtisadiyyat
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkətləri olan “ADY Express” MMC və “ADY Konteyner” MMC -nin mütəxəssislərinin fikrincə, Ələt qəsəbəsində yaradılacaq Azad Zona Bakı-Tbilisi-Qars dəmir yolunu bir qədər də cəlbedici edir.
Qurumdan Telexeber.az-a verilən məlumata görə, Azad Zona Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməklə Xəzər hövzəsində ən böyük logistika mərkəzi olaraq fəaliyyət göstərəcəkdir. Yaxın gələcəkdə Azad Zona Avropa, Türkiyə, İran, Rusiya, Çin, Orta Asiya, Yaxın Şərq dövlətləri üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanının iqtisadi əhəmiyyətini daha da artıracaqdır. Beləliklə, yeni Bakı limanı Avrasiyanın ən əsas nəqliyyat qovşaqlarından birinə çevrilir.
“Son illər ərzində Çindən Avropa istiqamətində artan yükdaşımaların mühüm hissəsi Qazaxıstan dəmir yolları vasitəsi ilə həyata keçirilir. Mərkəzi Asiya və Əfqanıstandan Avropa istiqamətində olan nəqliyyat marşrutu isə Türkmənistandan keçir. Qazaxıstan və Türkmənistan son illər ərzində iri infrastruktur layihələri həyata keçiriblər. Regionda həcmi artan yüklərin bir qismi Qazaxıstanda yeni inşa edilən Kurık və yenidən qurulan Aktau limanlarından, digər hissəsi isə Türkmənistanın yenilənmiş Türkmənbaşı limanından bərələr və fider gəmiləri vasitəsi ilə yeni Bakı limanına çatdırılacaq və daha sonra Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə Avropaya nəql ediləcək”, “ADY Express” MMC və “ADY Konteyner” MMC-dən deyə bildiriblər.
Türkiyə tərəfindən Bosfor boğazında dəmir yolu xəttinin istifadəyə verilməsi ilə Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi də Bakı-Tbilisi-Qars dəmir yolunun və Azad Zonanın əhəmiyyətini artırır. Bununla da, yüklərin Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçirməklə Avropa və Asiyaya çatdırılması təmin olunacaq.