Sabah Rusiyanın paytaxtında Azərbaycana həsr olunan konsert keçiriləcək
- 17.03.2021, 09:57,
- Mədəniyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Moskvada "Tsaritsino" muzey-qoruğunda "Tsaritsində səfir axşamları" layihəsi çərçivəsində martın 18-də Azərbaycan mədəniyyətinə həsr olunmuş konsert keçiriləcək.
Telexeber.az xəbər verir ki, "Tsaritsində səfir axşamları" layihəsi Rusiya tamaşaçılarını ən müxtəlif ölkələrin və xalqların mədəni irsinin müxtəlifliyi ilə tanış edir. Gecənin təşkilatçıları Azərbaycanın Rusiyadakı səfirliyinin və şəxsən səfir Polad Bülbüloğlunun dəstəyi ilə Müəllif Hüquqları Sahiblərinə Dəstək Milli Fondu və "Tsaritsino" Muzey-Qoruğudur.
Konsert Polad Bülbüloğlunun əfsanəvi mahnılarından birinin şərəfinə "Mənim Azərbaycanım" adlanır - proqramı həmin mahnı açacaq. Tədbirdə həmçinin dinləyicilərin ən sevdiyi Müslüm Maqomayevin repertuarına da diqqət yetiriləcək, proqramın ayrıca bloku Azərbaycan xalq mahnısına həsr ediləcək, Azərbaycan dilində opera ariyaları da səslənəcəkdir. Musiqi əsərlərini Emil Kadırov (tenor) və Stanislav Serebrennikov (fortepiano) ifa edəcəklər.
Konsert "Kultura.RF" portalında, Odnoklassniki sosial şəbəkəsində, "Tsaritsino" Muzey-Qoruğunun veb-saytında, "Muzıkalnı Klondayk" xəbər agentliyinin “Facebook” və VKontakte səhifələrində, habelə "Tsaritsində səfir axşamları" layihəsinin ambassadore.ru saytında yayımlanacaq.
"Tsaritsino" Muzey — Qoruğu II Yekaterina üçün şəhərkənarı iqamətgah olaraq inşa edilən XVIII əsrin saray kompleksidir. XIX əsrin ikinci yarısında xarabalıqların ətrafında xüsusilə yazıçılar və rəssamlar arasında tez bir zamanda məşhurlaşan bağ qəsəbəsi inşa edilib. 1927-ci ildə Tsaritsində Diyarşünaslıq Muzeyi yaradılmış və 2007-ci ildə burada rəsmi olaraq tam bərpa olunmuş saray-park ansamblı açılıb.