Azərbaycanda bu şəxslərə PULSUZ dərmanlar verilir - RƏSMİ

Azərbaycanda bu şəxslərə PULSUZ dərmanlar verilir - RƏSMİİcbari tibbi sığorta çərçivəsində stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman və tibbi sərf Xidmətlər Zərfi çərçivəsində təmin edilir.

Telexeber.az xəbər verir ki, bu barədə Metbuat.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, tibb müəssisəsində ambulator tibbi yardım çərçivəsində göstərilən bir sıra tibbi xidmətlərdə istifadə edilən anesteziya xidməti, dərman təminatı və tibbi sərf Xidmətlər Zərfi ilə təminata alınır.

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Respublika Endokrinoloji Mərkəzində somatotrop hormonu çatışmazlığı diaqnozu qoyulan uşaqlar ödənişsiz müalicə olunur. Agentlik tərəfindən uşaqlar boy hormonu preparatı ilə təmin olunur.

Somatotrop hormon çatışmazlığı diaqnozu laborator müayinə əsasında pediatr-endokrinoloq tərəfindən qoyulur.

Dərmanlar böyümə zonalarının bağlanmasına yəni, sümük yaşı (rentgen müayinəsinə əsasən uşağın skeletinin sümüklərinin inkişafına uyğun gələn yaşın şərti mənası) qızlarda 14, oğlanlarda isə 16 yaşına qədər ödənişsiz verilir.

Görülən işlərin nəticəsi olaraq boy hormonu çatışmazlığından əziyyət çəkən uşaqlarda boy artımı baş verir.

Qeyd edək ki, boy hormonu çatışmazlığının müalicəsinin Xidmətlər Zərfinə daxil olmamasına baxmayaraq, Agentlik uşaqların fiziki inkişafdan geri qalmasının qarşısını almaq və boyqısalığı olan uşaqları erkən aşkarlamaq məqsədilə sözügedən xidməti təmin edir.”, - deyə məlumatda qeyd olunub.

Həmçinin bildirilib ki, Agentliyə müharibə iştirakçısı, şəhid ailəsi üzvü və müharibədən zərər çəkmiş şəxs tərəfindən daxil olan müraciətə əsasən psixoloji yardım mərkəzlərində müayinə əsasında psixi pozuntuların müalicəsi üçün 6 adda zəruri psixotrop dərman preparatları ödənişsiz təqdim olunur.

“Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən təchiz edilən dərman preparatlarını regional psixoloji yardım mərkəzlərinin fəaliyyət göstərdiyi müəssisələrdən və ya burada çalışan psixoloqların yönləndirdiyi tibb müəssisələrindən əldə etmək olar.

Ambulator müalicə üçün həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri Xidmətlər Zərfinə daxil deyil.

Gələcəkdə resept əsasında təyin olunan dərman vasitələrinin icbari tibbi sığorta çərçivəsində təminata alınması həyata keçirilərsə, bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”, - deyə əlavə edilib.
Популярный ролик