Sentyabrın 22-də Xarici İşlər naziri Ceyhun Bayramov Portuqaliyanın Azərbaycandakı Səfiri Paula Leal da Silvanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
XİN-dən Azvision.az -a verilən məlumata görə, görüşdə, həmçinin Portuqaliyanın Azərbaycandakı Fəxri konsulu Murad Rəhimov iştirak edib.
Nazir Ceyhun Bayramov Portuqaliya səfirinin ölkələr arasında münasibətlərin inkişafına töhfə verən fəaliyyətini yüksək qiymətləndirib. O, Azərbaycan - Portuqaliya arasında münasibətlərin ikitərəfli və çoxtərəfli əsaslarda genişləndirilməsi imkanlarının mövcud olduğunu qeyd edib. Xarici İşlər Nazirlərlikləri arasında siyasi məsləhətləşmələrin həyata keçirilməsi təcrübəsinin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Səfir Paula Leal da Silva öz hökuməti adından Ceyhun Bayramovu nazir təyin edilməsi münasibətilə təbrik edib. Səfir Azərbaycanda fəaliyyəti dövründə münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəmədiyini bildirib. Fəaliyyəti dövründə ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
+++
Nazir Ceyhun Bayramov Portuqaliya səfirinə bölgədə həll olunmamış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri, eləcə də bölgədə müşahidə olunan gərginlik barədə məlumat verib. Ermənistan hökumətinin təhrikçi və təxribatçı fəaliyyətinin münaqişənin danışıqlar yolu ilə həllinə zərbə vurduğu qeyd edilib. Beynəlxalq ictimaiyyətin bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməsinin və işğalçı Ermənistana birmənalı ismarışlar göndərməsinin vacib olduğu vurğulanıb.
Səfir Paula Leal da Silva ölkəsinin mövqeyinin bəlli olduğunu və Azərbaycanın ərazi bütövlüyünü tam dəstəklədiyini qeyd edib.
Tərəflər, həmçinin ümumdünya sağlamlıq böhranı ilə münarizə mövzusuna toxunaraq, bu xüsusda beynəlxalq həmrəylik və əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Portuqaliya səfiri Azərbaycan Respublikası Prezidentinin Covid-19 pandemiyası ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi xüsusi qeyd edərək, bu təşəbbüsün Portuqaliya hökuməti tərəfindən tam dəstəkləndiyini diqqətə çatdırıb.
Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.