Xəbər verdiyimiz kimi, ABŞ və İran arasında 2015-ci il Hərətərfli Fəaliyyət planı olan nüvə sazişinə qayıtmaq üçün Vyanada 8-ci raund danışıqları keçirilir.
Müzakirələrdə Rusiya, Çin, Almaniya, Böyük Britaniya və Fransanın yüksək rütbəli nümayəndələrinin iştirakı ilə 8-ci tur danışıqları qaldığı yerdən davam edəcək.
Sazişi tək tərəfli tərk edən ABŞ danışıqlarda iştirak etmir. İranın əsas tələbi bütün sanksiyaları ləğv etməkdir.
Telexeber.az xəbər verir ki, bu barədə açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, İranın əsas planı bu danışıqlara baxmayaraq nüvə silahı əldə etməkdir.
"Ona görə də danışıqlar prosesini uzadaraq uranın zəngilləşdirilməsini başa çatdırmağı hədəfləyir. İran regionda İsrailin hədələrinə qarşı nüvə silahı əldə edəcək. Həmçinin Yaxın Şərqdə öz regional maraqlarını təmin etmək üçün əsas hədəf mütləq nüvə başlığı raketlərinə nail olmaqdır. İranın nüvə silahına malik olması böhranlı vəziyyətdə bu silahları Hizbullah və digər dəstəklədiyi silahlı dəstlərə verməsi təhlükəsini də yaradır. Tehran rəsmilərinin açıqlamalarına baxmayaraq, İran nüvə silahını ölkəsi üçün əsas təhlükəsizlik çətiri kimi baxır. İran ABŞ və altılıq ölkələri ilə 2015-ci il müqaviləyə qayıdarsa, nüvə silahının əldə edilməsindən geri çəkilməyəcək. Bu işi gizli yolla reallaşdıracaq".
Ekspert onu da qeyd etdi ki, zəngin neft və qaz yataqlarına malik olan İranın nüvə enerjisindən mülki məqsədlər üçün istifadə edəcəyini qeyd etməsi, sadəcə manipulyasiyadır. İran nüvə silahını əldə etdikdən sonra yüzlərlə nüvə başlığına malik olan ballistik raketlərə sahib olacaq. Bundan sonra, regionda ABŞ və İsrailin sıxışdırılması və onlarla müharibəni davam etdirə bilər.
"ABŞ-ın İranla nüvə danışıqlarında əsas məqsədi Çin və Rusiyadan uzaqlaşdırmaq və öz şərtlərini diktə etməkdir. ABŞ və altılıq ölkələri arasında keçirilən bu danışıqlarda müsbət irəliləyiş olmasına baxmayaraq İran ABŞ-la regionda əməkdaşlıq etməyəcək. İranın nüvə silahını əldə etməsi Türkiyə və Azərbaycana qarşı təzyiq siyasətinə əl atmasına səbəb ola bilər. Amma qeyd etmək istəyirəm ki, Türkiyənin də nüvə silahı əldə etmək planı var. İrandan fərqli olaraq Türkiyə bunu rahat şəkildə əldə edəcək. Hətta bu silahı İsrail də Türkiyəyə verə bilər. Artıq İsrail və Türkiyə əlaqələrinin normallaşması prosesi gedir. Bu əməkdaşlıq regionda yeni bir siyasi nizamın formalaşmasına gətirib çıxaracaq".