Siyasi partiyalar yalnız Azərbaycan vətəndaşlarından ianə qəbul edə biləcək

Siyasi partiyalar yalnız Azərbaycan vətəndaşlarından ianə qəbul edə biləcəkAzərbaycanda siyasi partiyalar yalnız Azərbaycan vətəndaşlarından ianə qəbul edə biləcək.

Telexeber.az xəbər verir ki, bu, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin ilkin variantında əksini tapıb.


Layihədə qeyd edilib ki, siyasi partiya yalnız Azərbaycan Respublikasının vətəndaşlarından ianə qəbul edə bilər.

Siyasi partiya qəbul etdiyi və ya vəd edilən ianə müqabilində, ianə verən şəxsə və ya hər hansı digər şəxsə birbaşa, yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt verə bilməz, belə təkliflə çıxış edə və ya belə vəd verə bilməz.

Siyasi partiyaya ianə verən şəxs verdiyi və verəcəyi ianə müqabilində özü və ya üçüncü şəxslər üçün birbaşa, yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt tələb edə və ya qəbul edə bilməz, belə təklifə və ya vədə razılıq verə bilməz.

İanə pul vəsaiti və ya digər əmlak şəklində qəbul edilə bilər. Siyasi partiyanın əldə etdiyi aşağıdakı maddi yardım da ianə hesab olunur:

1. bazar qiyməti ilə müqayisədə imtiyazlı şərtlərlə verilmiş əmlakın (o cümlədən verilmiş borc (kredit) və s.), görülmüş işin və ya göstərilmiş xidmətin dəyərinin onun bazar qiymətindən aşağı olan hissəsi;

2. öhdəliyin zamin tərəfindən icrasına görə, həmçinin borcun bağışlanmasına, müddətin keçməsinə və ya öhdəliyin bilavasitə siyasi partiya tərəfindən icra edilməsi ilə bağlı olmayan hallara görə onun xitamı nəticəsində əldə olunan pul vəsaiti və ya digər əmlak (onun dəyəri).

Şəxsin bir və ya bir neçə partiyaya il ərzində verdiyi ianələrin yuxarı həddi 10 000 manatdan artıq ola bilməz. Digər əmlak şəklində qəbul edilmiş ianənin dəyəri bazar qiyməti ilə müəyyən edilir.

Siyasi partiya qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin bu Qanunun 24.4.1-ci və 24.4.2-ci maddələrində nəzərdə tutulmuş hallar barədə məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edir. Barəsində məlumat təqdim edilməmiş ianə üzrə siyasi partiya tərəfindən bank əməliyyatları və hər hansı digər əməliyyat aparıla bilməz.

Siyasi partiya bu Qanunun tələblərini pozmaqla qəbul etdiyi ianəni onu qəbul etdiyi gündən və ya ianəni tələbləri pozmaqla qəbul etməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının məlumatının daxil olduğu tarixdən 15 gün müddətində geri qaytarmalı, bu mümkün olmadığı halda onu dövlət büdcəsinə köçürməlidir.
Популярный ролик