Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib.
Telexeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak edib.
Prezident İlham Əliyev Zirvə görüşündə iştirak edən Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Ayman Benabderrahmanı, Keniyanın Baş naziri Uakylif Musalia Mudavadini, Tanzaniyanın Vitse-prezidenti Filip İsdor Mpanqonu, Kuba Respublikasının Vitse-prezidenti Salvador Antonio Valdes Mesanı, Birləşmiş Ərəb Əmirliklərinin Ali Şurasının üzvü, Ras əl-Xeymə Əmirliyinin hakimi Əlahəzrət Şeyx Saud Bin Saqr Al Qasimini, Qabonun Vitse-prezidenti xanım Rouz Kristian Ossuka Rapondanı, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösini, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçi, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidi, Liviyanın Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfini, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevi qarşıladı.
Sonra birgə foto çəkdirilib.
Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbiri açaraq çıxış edib.
Sonra BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi çıxış edərək Zirvə görüşündə iştirak üçün dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Hazırda bəşəriyyətin dünyada yaşanan müxtəlif proseslərin, o cümlədən COVID-19 pandemiyasının ciddi təsirlərinə məruz qaldığını vurğulayan Tsaba Körösi bu problemlərin qarşısını almaq üçün qarşılıqlı əlaqələrin genişləndirilməsi baxımından belə görüşlərin önəmini qeyd etdi. Bildirdi ki, pandemiya yaşadığımız əsrin ən böyük səhiyyə böhranını yaratdı. Bu göstərdi ki, pandemiyadan yeganə çıxış yolu təkcə sərhədlər daxilində deyil, beynəlxalq səviyyədə həmrəyliyin inkişaf etdirilməsidir.
Azərbaycanın COVID-19-a qarşı mübarizə istiqamətində irəli sürdüyü təşəbbüslərin önəmini vurğulayan Tsaba Körösi dedi: “Azərbaycan tərəfindən bununla bağlı irəli sürülən təşəbbüslər, həmçinin peyvəndlərə vaxtında və ədalətli qaydada çıxış və əlçatanlıq da qarşılıqlı dəstəyin bir nümunəsidir. Qoşulmama Hərəkatı bu böhrana cavab vermək və pandemiyanın nəticələrini aradan qaldırmaq üçün qlobal həmrəylik göstərərək təşəbbüslər irəli sürmüşdür”.
x x x
BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin adından çıxış edərək Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə ev sahibliyinə görə Prezident İlham Əliyevə və Azərbaycana minnətdarlığını ifadə etdi. XXI əsrdə çoxtərəfli əməkdaşlıq baxımından Qoşulmama Hərəkatının əhəmiyyətinin daha da artdığını vurğulayan T.Valovaya Hərəkatın dayanıqlı inkişaf, iqlim dəyişikliyinə qarşı mübarizə və sülhün bərqərar olunması istiqamətində aktiv fəaliyyət göstərdiyini bildirdi. O, dünyada 6,5 milyon insanın ölümünə, bərabərsizliyin daha da güclənməsinə, böyük depressiyaya və işsizliyə səbəb olan pandemiyanın bir sıra sahələrə, xüsusilə təhsilə sarsıdıcı təsirlər göstərdiyini qeyd etdi. Postpandemiya dövründə qlobal əməkdaşlığın, xüsusilə gənclər üçün lazımi şəraitin yaradılmasının və onların arasında əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edən BMT rəsmisi bu baxımdan institusional tədbirlərin görülməsinin vacib rol oynadığını bildirdi, Azərbaycanın irəli sürdüyü təşəbbüsləri xüsusi vurğulayaraq dedi: “Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentləri arasında əlaqələrin gücləndirilməsinə xidmət edən Parlament Şəbəkəsinin yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsü təqdirəlayiqdir. Azərbaycanın gənclərlə iş sahəsində - 2022-ci ilin iyulunda Qoşulmama Hərəkatının Gənclər Sammitinin keçirilməsi və Hərəkatın Gənclər Şəbəkəsinin təsis olunması ilə bağlı təşəbbüslərini də təqdirəlayiq hesab edirəm”.
x x x
Daha sonra Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun videomüraciəti dinlənildi. T.Qebreyesus videomüraciətində Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırdı. Qoşulmama Hərəkatına üzv ölkələrin pandemiyadan əziyyət çəkdiyini vurğulayan Baş direktor bildirdi ki, postpandemiya dövründə daha təhlükəsiz və sağlam sistemlərin qurulmasında Hərəkatın üzvlərinin kollektiv təcrübəsindən faydalanmaq çox zəruridir. Ümumdünya Səhiyyə Təşkilatı beynəlxalq səviyyədə pandemiyaya hazırlıq və cavab tədbirləri ilə bağlı sənədlərin qəbul olunması istiqamətində Qoşulmama Hərəkatına üzv ölkələrin səylərinin gücləndirilməsinə dair müraciət edib. Tedros Adhanom Qebreyesus Ümumdünya Səhiyyə Təşkilatının maliyyələşdirilməsinə fəal qoşulmağın zəruriliyini və yerli istehsalın qurulmasına sərmayə qoyulmasının prioritet hədəflər olduğunu vurğuladı.
x x x
Zirvə görüşü işini plenar sessiya ilə davam etdirdi.
x x x
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev qeyd etdi ki, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq arenada rolu və nüfuzu əsaslı şəkildə artıb, bu mühüm platforma çərçivəsində ölkələr arasında çoxtərəfli əməkdaşlıq yeni səviyyəyə çatdırılıb. Pandemiya dövrünün çətinliklərinə baxmayaraq, həmrəylik və sıx birlik daha da möhkəmlənib. Təşkilatın tarixində ilk dəfə onun parlament və gənclər şəbəkələri yaradılıb.
Özbəkistan lideri xüsusi vurğuladı: “Bütün bu nailiyyətlər mənim hörmətli həmkarım İlham Heydər oğlunun böyük səyləri və təşəbbüsləri, üzv dövlətlərin maraqları naminə onun praktiki fəaliyyəti sayəsində mümkün olub”.
Özbəkistan dövlətinin başçısı Azərbaycan Prezidentinin ölkə regionlarının bərpasına yönəlmiş səmərəli səylərinə də diqqəti cəlb edərək dedi ki, burada tarixi ədalət, sosial-iqtisadi infrastruktur bərpa olunub, yeni obyektlər ucaldılıb, əhali üçün əlverişli şərait formalaşıb.
Şavkat Mirziyoyev bir sıra təşəbbüslər irəli sürüb, o cümlədən 2030-cu ilə qədər olan dövrdə Senday çərçivə proqramının əsas hədəflərinə nail olmaq üzrə Qlobal Platforma bazasında fəaliyyətin daha da gücləndirilməsini, həmçinin Qoşulmama Hərəkatının monitorinq və elmi tədqiqatlar üzrə xüsusi şəbəkəsinin yaradılmasını da təklif edib. Bu qurum Özbəkistanda yerləşə və Qoşulmama Hərəkatının sammitləri ərəfəsində müntəzəm olaraq təşkilatın iqtisadi forumlarını keçirə bilər.
Özbəkistan Prezidenti BMT-də islahatlar məsələsinə toxunaraq bildirdi ki, Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatının üzvlərinin daimi yeri olmalıdır.
x x x
Zirvə görüşündə iştirak üçün dəvətə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkürünü bildirən İraq Prezidenti Əbdüllətif Camal Rəşid qlobal pandemiya böhranından sonrakı dövrdə infrastrukturun və xidmətlərin təkmilləşdirilməsinin, qida təhlükəsizliyinin təmin olunmasının vacibliyini diqqətə çatdırdı. Ölkəsində bu istiqamətlərdə atılan addımlardan bəhs edən dövlət başçısı bildirdi ki, İraq hökuməti iqlim dəyişikliyi məsələlərinə də xüsusi önəm verir. İqlim dəyişikliyi sosial sabitliyə də birbaşa təsir göstərir. Ona görə də bu istiqamətdə ictimai maarifləndirmə işləri daha da genişləndirilməlidir. İqlim dəyişikliyinin nəticələri kollektiv şəkildə aradan qaldırılmalı və risklərin azaldılması istiqamətində addımlar atılmalıdır.
Ölkəsinin vaxtilə müharibələrdən, silahlı toqquşmalardan, dağıntılardan, eyni zamanda, insan ölümlərindən əziyyət çəkdiyini xatırladan Əbdüllətif Camal Rəşid qeyd etdi ki, sülh ancaq dialoq və əməkdaşlıq vasitəsilə mümkündür. Bu baxımdan İraq regional təhlükəsizlik, eyni zamanda, qlobal enerji təhlükəsizliyinə də töhfə verməyə hazırdır.
Qoşulmama Hərəkatının prinsiplərindən söz açan İraq Prezidenti dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmətin, təcavüzkar hərəkətlərdən çəkinməyin, digər ölkələrin daxili məsələlərinə müdaxilə etməməyin, birgə sülh şəraitində yaşamağın və digər prinsiplərin bu gün də aktual olduğunu diqqətə çatdırdı.
x x x
Liviya Dövləti Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfi Azərbaycanın Qoşulmama Hərəkatının inkişafına və beynəlxalq arenada onun nüfuzunun artmasına göstərdiyi səylərə və verdiyi töhfələrə, habelə bu təşkilatda uğurlu sədrliyinə görə təşəkkürünü bildirdi. O qeyd etdi ki, COVID-19 pandemiyası bəşəriyyət üçün beynəlxalq münaqişələrin çoxundan daha ciddi nəticələr doğurub. Prezident Şurasının sədri bütün dövlətləri Liviyada davam edən münaqişənin həllinə və bu ölkənin inkişafına dəstək verməyə çağırıb. Məhəmməd Yunis Əl-Mənfi əminliklə bildirdi ki, Liviya qarşılıqlı münasibətlərin inkişafına yönəlmiş birgə əməkdaşlığa sədaqətini saxlayır.
x x x
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov koronavirus pandemiyasının nəticələrinin bütün ölkələrin siyasi, iqtisadi və digər sahələrdə inkişafına ciddi təsir göstərdiyini vurğuladı. Türkmənistan Prezidenti pandemiyanın nəticələrinin qısa müddətdə aradan qaldırılması üçün dövlətlərin öz səylərini birləşdirməsinin və bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməsinin önəmini qeyd etdi. Sərdar Berdiməhəmmədov bu məqsədlə fikir mübadiləsinin aparılması, ortaq mexanizmlərin müəyyənləşdirilməsi üçün birgə platformanın yaradılması təklifini irəli sürdü. Dövlət başçısı üzv ölkələrin parlamentləri və aidiyyəti qurumları ilə yanaşı, elm və təhsil müəssisələrinin də bu prosesə cəlb olunmasının vacibliyini vurğuladı.
Prezident Sərdar Berdiməhəmmədov Qoşulmama Hərəkatına uğurla sədrliyinə, qarşıda duran hədəflərə nail olunması istiqamətində irəli sürdüyü mühüm təşəbbüslərə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirdi.
x x x
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç Zirvə görüşündə iştirak üçün dəvətə görə Qoşulmama Hərəkatının sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi. O, Qoşulmama Hərəkatının yarandığı zaman dünyaya lazım olan sülh, sabitlik və əməkdaşlıq kimi məsələlərin bu gün də öz aktuallığını saxladığını söylədi. Koronavirus pandemiyasının uzunmüddətli mənfi təsirlərə səbəb olduğunu deyən Jelka Tsviyanoviç insan itkilərini, səhiyyə sistemində və digər sahələrdə yaranan çətinlikləri qeyd etdi. Həmçinin bildirdi ki, iqtisadi problemlər qlobal səviyyədə və dövlətlərdə, xüsusilə yoxsul ölkələrdə daha mürəkkəb tənəzzülə səbəb olub.
Qoşulmama Hərəkatının rolunu təqdirəlayiq hesab edən Jelka Tsviyanoviç Hərəkatın koronavirus pandemiyasının qarşısının alınması istiqamətində böyük səylər göstərdiyini vurğuladı. Qeyd etdi ki, COVID-19 pandemiyasından sonra bir çox digər mövzular da aktualdır. Böyük çağırışlar var, çətinliklər heç də azalmayıb, yaxud da yox olmayıb. O, məhz bu səbəbdən Sammitin dünya ictimaiyyətinin diqqətini postpandemiya dövründə bərpa proseslərinə cəlb edəcəyinə əminliyini bildirdi.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri vurğuladı ki, beynəlxalq düzən sülh və sabitlik prinsipləri əsasında qurulmalıdır. Qoşulmama Hərəkatı qlobal dəyişikliyə rəğmən bu işi davam etdirə bilər. Bu baxımdan Hərəkata üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsi çox vacibdir.
x x x
Zirvə görüşü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə plenar sessiyalarla davam etdi.