Martın 2-də Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü işini plenar sessiyalarla davam etdirib.
Telexeber.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə keçirilən sessiyada əvvəlcə Kubanın vitse-prezidenti Salvador Antonio Valdes Mesa, Qabonun Vitse-prezidenti xanım Rouz Kristian Ossuka Raponda, Tanzaniyanın Vitse-prezidenti Filip İsdor Mpanqo, Efiopiya Baş nazirinin müavini Demeke Mekonnen Hassen çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb, qarşıda dayanan problemlərin həlli istiqamətində səylərin birləşdirilməsinin vacibliyindən danışıblar.
Əlcəzairin Baş naziri Ayman Benabderrahman Qoşulmama Hərəkatının əhəmiyyətinə diqqət çəkərək, ölkəsinin bütün dövlətlərlə əməkdaşlıq etməyə və yeni işlər üçün addımlar atmağa hazır olduğunu bildirib.
Serbiya Baş nazirinin birinci müavini – xarici işlər naziri İvitsa Daçiç ölkəsinin Azərbaycanın təşəbbüslərini dəstəklədiyini bildirib. Qeyd edib ki, Azərbaycanın Afrikada inkişaf etməkdə olan ada dövlətlərinə görə atdığı addımlar təqdirəlayiqdir.
Sonra Belarus Baş nazirinin müavini İqor Petrişenko Qoşulmama Hərəkatında uğurlu sədrliyə görə Azərbaycana və Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O deyib ki, Azərbaycanın uğurlu sədrliyi sayəsində Qoşulmama Hərəkatı böyük qüvvəyə çevrilib.
Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayev bütün ölkələri sülhə və əmin-amanlığa çağırıb. Vurğulayıb ki, dünyada sülh və sabitlik təmin edilməli, beynəlxalq təhlükəsizlik bərqərar olmalıdır.
Sonra Malinin Baş naziri Abdulay Maiqa, Küveytin xarici işlər naziri Şeyx Səlim Abdulla Əl-Cabir Əl-Sabah, Uqandanın xarici işlər naziri Odonqo Cece Abubakar, Botsvananın xarici işlər naziri Lemoqanq Kvape, Qambiyanın xarici işlər naziri Mamadu Tanqara, Qətərin xarici işlər üzrə dövlət naziri Soltan bin Saad Al-Murayxi, Fələstinin xarici işlər naziri Riad Əl-Maliki, Yəmənin xarici işlər naziri Əhməd Avad bin Mübarək, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Bəhreynin səhiyyə naziri Jaleela Sayed Javad Hasan Javad, Çadın ictimai səhiyyə naziri Abdelmajid Abdelrahim Mahamat, Pakistanın iqtisadiyyat naziri Sərdar Ayaz Sadiq, Kamboca Kral Hökumətinin baş məsləhətçisi Sok Sifana, Tunisin səhiyyə naziri Ali Mrabet, Şərqi Timor Demokratik Respublikası Prezidentinin xarici siyasət üzrə məsləhətçisi Dionisio Da Kosta Babo Soares çıxış ediblər.
Çıxışlarda bildirilib ki, bu gün dünyada əsas böhranlardan biri olan iqtisadi tənəzzül birgə fəaliyyətin zəruriliyini nümayiş etdirir. Bu səbəbdən Qoşulmama Hərəkatı daxilində əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı faydalı əlaqələrin qurulması da mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, pandemiya böyük insan itkisi ilə nəticələnib. Pandemiya müddətində Ümumdünya Səhiyyə Təşkilatı və Qoşulmama Təşkilatı uzunmüddətli əməkdaşlığın əsasını qoyub.
Eyni zamanda, diqqətə çatdırılıb ki, Hərəkata sədrliyi dövründə Azərbaycan Afrika ölkələrinə dəstək üçün 1 milyon dollar pul ayırıb. COVID-19-la bağlı mübarizədə göstərdiyi səylərə, sadiqlik və beynəlxalq həmrəyliyə görə Azərbaycana minnətdarlıq ifadə edilib. Qeyd olunub ki, Azərbaycan beynəlxalq iqtisadi böhranların nəticələrini azaltmaq üçün ölkələrin çoxtərəfli əməkdaşlığına töhfə verməyə sadiqdir. Bu Sammit Qoşulmama Hərəkatının həmrəyliyinin simvoludur, bərabərsizliyə qarşı birgə mübarizə aparmaq vacibdir.
Həmçinin bildirilib ki, Qoşulmama Hərəkatı pandemiyadan sonrakı dövrdə çox mühüm rol oynaya bilər. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sədrliyi dövründə Hərəkatın gələcəyi naminə bir çox təşəbbüslər irəli sürülüb.
Qeyd edək ki, Azərbaycan bu ilin sonunda Qoşulmama Hərəkatına sədrliyi Uqandaya təhvil verəcək.