Biləcəri sakinləri narahatdır: “Retro Kafe”nin gecəyarısı səs-küyü etiraz doğurur


Binəqədi rayonunun Biləcəri qəsəbəsində fəaliyyət göstərən “Retro Kafe” adlı iaşə obyektinin gecə saatlarına qədər davam edən canlı musiqi proqramları yerli sakinlərin narazılığına səbəb olub.

Telexeber.az-a daxil olan məlumatlara görə, obyektin ərazisində gecə saat 03:00-04:00 radələrinədək yüksək səslə canlı musiqi ifa olunur. Ətrafda yaşayan sakinlər bildirirlər ki, davamlı səs-küy onların istirahət hüququnu pozur, xüsusilə yaşlı insanlar, azyaşlı uşaqlar və səhər tezdən işə gedən vətəndaşlar ciddi narahatlıq yaşayırlar.

Sakinlərin sözlərinə görə, gecə saatlarında musiqinin səsi ətraf küçələrdə belə aydın eşidilir və bu vəziyyət uzun müddətdir davam edir. Vətəndaşlar hesab edirlər ki, istirahət zonası kimi fəaliyyət göstərən obyekt ətraf əhalinin rahatlığını nəzərə almalı, qanunvericiliyin tələblərinə əməl etməlidir.

Qeyd edək ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən vətəndaşların sakitlik və istirahət hüquqlarının qorunması təmin edilməli, gecə saatlarında səs-küy yaradan fəaliyyətlər məhdudlaşdırılmalıdır. Bu baxımdan sakinlər aidiyyəti qurumların məsələyə müdaxilə etməsini, obyektin fəaliyyəti ilə bağlı araşdırma aparılmasını və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülməsini xahiş edirlər.

Biləcəri qəsəbəsində yaşayan sakinlər bildirirlər ki, onların məqsədi hər hansı sahibkarlıq fəaliyyətinə mane olmaq deyil. Lakin gecə saatlarınadək davam edən yüksək səsli musiqinin insanların normal həyat tərzinə mənfi təsir göstərdiyini vurğulayırlar.

Telexeber.az olaraq məsələ ilə bağlı “Retro Kafe”nin mövqeyini dərc etməyə və aidiyyəti qurumların rəsmi açıqlamalarını işıqlandırmağa hazırıq.
Популярный ролик