Uzun illərin media nümayəndəsi Peyman Sadıqov AID GROUP-la yollarını ayırdı
- 24.06.2026, 13:13,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Media və ictimaiyyətlə əlaqələr sahəsində uzunillik fəaliyyəti ilə tanınan jurnalist Peyman Sadıqov AID GROUP şirkətində tutduğu mətbuat xidmətinin rəhbəri vəzifəsindən ayrılıb.
Əldə olunan məlumata görə, Peyman Sadıqov şirkətlə əməkdaşlığına son verərək fəaliyyətini başa çatdırıb. Onun vəzifədən ayrılması ilə bağlı şirkət tərəfindən hələlik geniş açıqlama verilməyib. Eyni zamanda, ayrılığın səbəbləri barədə də rəsmi məlumat ictimaiyyətə təqdim olunmayıb.
Qeyd edək ki, Peyman Sadıqov media sahəsində 20 ildən artıq təcrübəyə malik peşəkar jurnalistlərdən biridir. O, müxtəlif illərdə informasiya siyasəti, media əlaqələri və ictimai kommunikasiyalar istiqamətində həyata keçirilən layihələrdə fəal iştirak edib. Uzun illər ərzində qazandığı təcrübə və peşəkarlığı ilə media cameəsində özünəməxsus yer tutmağı bacarıb.
AID GROUP-da fəaliyyət göstərdiyi müddətdə də Peyman Sadıqov şirkətin ictimaiyyətlə əlaqələrinin qurulması, media ilə əməkdaşlığın inkişaf etdirilməsi və informasiya siyasətinin həyata keçirilməsi istiqamətində mühüm işlərə imza atıb.
Xatırladaq ki, AID GROUP xaricdə təhsil sahəsində fəaliyyət göstərən şirkətlərdən biri kimi tanınır və şirkətin təsisçisi Nigar Fərhaddır. Peyman Sadıqovun ayrılmasının şirkətin gələcək fəaliyyətinə hansı formada təsir göstərəcəyi hələlik məlum deyil.
Hazırda tərəflərdən heç biri ayrılığın detalları ilə bağlı əlavə açıqlama verməsə də, mövzu media dairələrinin diqqət mərkəzində qalmaqdadır. Gözləntilərə görə, yaxın günlərdə məsələ ilə bağlı daha ətraflı məlumatın açıqlanacağı istisna edilmir.