Dövlət başçısının tapşırığına əsasən sərnişindaşımalarda nağdsız ödəniş sisteminin əhatə dairəsinin genişləndirilməsi prosesi davam etdirilir. Bakı Nəqliyyat Agentliyinin bu istiqmətdə həyata keçirdiyi tədbirlər nəticəsində mövcud avtobus parkının 70%-dən çoxu “BakıKart” sisteminə inteqrasiya edilib.
Bakı Nəqliyyat Agentliyindən Telexeber.az-a verilən məlumata görə, nağdsız ödəniş sisteminə keçidin, sərnişindaşımada göstərilən xidmətin keyfiyyətinin artırılması baxımından əhəmiyyətini qeyd edərək bildiririk ki, “BakıKart”-a inteqrasiya qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi və şəffaflığın artırılması baxımından da vacibdir. Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi, həmçinin nəqliyyat axının intellektual idarə olunması və sərnişin axının öyərnilməsi üçün də önəmlidir. İş prosesinə uyğun olaraq digər marşrut xətlərinin də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiyası nəzərdə tutulub.
Bununla yanaşı vətəndaşların daha rahat və müasir İKT imkanlarından istifadə etməklə ödəmə üsullarından istifadə edə bilməsi üçün də işlər davam etdirilir. Bununla bağlı fəaliyyət planına əsasən mərhələli qaydada internet portalı üzərindən ödəmənin tətbiqi, QR kod, NFC və EMV (bank kartı il birbaşa ödəniş) texnalogiyalarından istifadə nəzərdə tutulub.
İlkin mərhələdə internet portalı üzrəindən ödəmə sistemini sərnişinlərimizin istifadəsinə təqdim edirik. Bunun üçün online.bakikart.az portalına daxil olub e-mail və ya telefon nömrəsi ilə qeydiyyatdan keçib şəxsi kabinet yaratmaq lazımdır. Kartın balansını iki üsulla artırmaq mümkündür: birbaşa və ya kartın şəxsi kabinetə əlavə edilməsi ilə. Daha operativ ödəniş üçün kartı kabinetə əlavə etmək tövsiyə olunur. Ödənilən məbləğ kartın balansına ən geci bir saat ərzində oturacaq.
Həmçinin, “BakıKart” sisteminə inteqrasiya olunan “MilliÖn” ödəmə terminallarının sayı da artırılaraq 1000-ə çatdırılıb. Vətəndaşlar artıq yalnız avtobus dayanacaq məntəqələrində deyil Bakı şəhərinin müxtəlif ərazilərində fəaliyyət göstərən iaşə obyektlərində, iri ticarət mərkəzlərində və marketlərdə yerləşdirilən “MilliÖn” terminalları vasitəsilə də “BakıKartın” balansını artıra biləcəklər. Yaxın bir həftə ərzində isə Bakı şəhərinin bütün ərazisindəki “MilliÖn” terminallarında “BakıKart” ödənişi qəbul olunacaq. Məlumat üçün bildiririk ki, sərnişin ödəmə terminalının əsas ekranında nəqliyyat xidmətləri bölümünə daxil olaraq “BakıKart” işarəsini seçib kartı kart oxuyucuya yerləşdirərək ödəniş edə bilər.
Növbəti mərhələdə digər ödəmə və balans artırma üsullarının da tətbiqi istiqamətin işlər davam etdirilir.