Bahalaşma və qıtlıq gözlənilir - Millət vəkilindən AÇIQLAMA
- 15.03.2022, 15:21,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
"Rusiya-Ukrayna müharibəsi artıq regionda və eləcə də qlobal bazarda qiymət artımların səbəb olub. Həmçinin Rusiyanın özündə də bir sıra ərzaq məhsullarının qıtlığı müşahidə olunur. 2021-ci ildə olduğu kimi bu ildə də dünya bazarında yüksək qiymət artımlarının olacağı proqnozlaşdırır".
Telexeber.az xəbər verir ki, bu açıqlamanı millət vəkili Vüqar Bayramov edib. O bildirib ki, hesablamalara görə, qarşıda məhsulların qiymətlərinin növündən asılı olaraq 8-22 faiz bahalaşma ehtimalı gözlənilir.
"Rusiyaya tətbiq etdiyi 4-cü sanksiyalar paketi ilə Qərb ölkələri şimal qonşumuzdan bir sıra məhsulların idxalına qadağan etdi. Rusiya da bəzi ərzaq, o cümlədən taxil və şəkərin ixracatını payızadək dayandırıb. BMT isə qlobal bazarda qiymət artımlarının davam edəcəyini bəyan edib. Rusiyaya tətbiq olunan sanksiyalar və eləcə də bir sıra ölkələrin ərzaq məhsullarının ixracatındakı qadağalar ərzaq təhlükəsizliyi və təminatı məsələsini daha da aktuallaşdırır. Azərbaycan da bir sıra ərzaq məhsullarının əhəmiyyətli hissəsini xaricdən alır və bu baxımdan da idxal inflyasiyası qaçılmazdır".
Millət vəkili onu da qeyd etdi ki, vəziyyətdən çıxış yolu kimi, bu kontekstdən əsas strateji ərzaq məhsullarına olan tələbin yerli istehsal hesabına ödənilməsi və xüsusən də işğaldan azad olunan ərazilərimizin məhsuldar torpaqlarının daha qısa zamanda əkin fonduna daxil edilməsi vacibdir.
"Görünən odur ki, dünya bazarına qiymət artımları ilə yanaşı bəzi ərzaq məhsullarının qıtlığı problemi hələ uzun müddət davam edəcək" deyə Vüqar Bayramov fikrini yekunlaşdırıb.