Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən iclasında Rəşad Təmraz oğlu Orucov və Əliyar Qəhrəman oğlu Məmmədyarov AMB-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin ediliblər.
Telexeber.az həmin şəxslərin dosyesini təqdim edir:
Rəşad Təmraz oğlu Orucov 1978-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr dərəcəsilə, 2000-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1998-ci ildə Səhmdar Kommersiya Aqrar Sənaye Bankında baş mütəxəssis vəzifəsində başlayıb. 2000-2004-cü illərdə Azərbaycan Respublikası Milli Bankında Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentində baş iqtisadçı vəzifəsində, 2004-2006-cı illərdə Azərbaycan Respublikası Milli Bankında Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin İT və ödəniş sistemlərinin fəaliyyətinə nəzarət şöbəsinin rəisi vəzifəsində işləyib. 2006-2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb. 2008-2011-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində fəaliyyət göstərib. 2011-ci ilin iyun ayından Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təyin edilib. Ailəlidir, 2 övladı var.
Əliyar Qəhrəman oğlu Məmmədyarov1977-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “İqtisadçı” ixtisası üzrə fərqlənmə diplomu ilə, 2008-ci ildə isə Böyük Britaniyanın Nottingem Universitetini MBA ixtisası üzrə fərqlənmə diplomu ilə biritib. 2001-2004-cü illərdə Azərbaycan Respublikası Milli Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin 3 N-li nəzarət şöbəsində iqtisadçı, aparıcı iqtisadçı vəzifələrində işləyib. 2004-2006-cı illərdə AR Milli Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət şöbəsinin tərkibində olan Pulların yuyulmasına qarşı fəaliyyət qrupunun rəhbəri vəzifəsində çalışıb. 2006-2007-ci illərdə AR Milli Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb, 2012-ci ilin fevral ayında isə Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
2008-2016-cı illərdə AR Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor müavini, departament direktoru, 2016-cı ilin may ayından Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müşaviri vəzifəsinə təyin edilib. 2017-ci ilin sentyabr ayından 2019-cu ilin aprel ayınadək Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının sədri vəzifəsində işləyib.
Qeyd edək ki, İdarə Heyətinin 3 üzvünün səlahiyyət müddəti ötən ay başa çatıb. Alim Quliyev, Vadim Xubanov və Aftandil Babayev sonuncu dəfə 2017-ci ilin mart ayında Milli Məclisin qərarı ilə 5 il müddətinə İH-nin üzvü seçilmişdilər.
Xatırladaq ki, bu ilin aprelin 12-də Taleh Kazımov Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin olunub. Aprelin 13-də isə o, Prezident İlham Əliyevin sərəncamı ilə Taleh Kazımov Azərbaycan Mərkəzi Bankının sədri təyin edilib.