"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda Polşada "Lex”lə oyundan (1:0) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Telexeber.az futbolpress.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis öncə Poznan klubuna 1:0 hesablı məğlubiyyət barədə fikirlərini bildirib:
- Sona qədər mübarizə aparan komandaya qarşı oynadıq. Yaxşı oyun alındı. Düşündüyümüz oyundan əl çəkmədik. Bakıda bizi maraqlı görüş gözləyir. Daha yaxşı səviyyəyə çatmaq üçün bir neçə günümüz var.
- Əslində, klub rəhbərliyinə ünvanlanmalı sualdır, amma...
- Oyunla bağlı sualınız varsa, verin.
- "Qarabağ” gələn yaxşı oyunçuları əlində saxlaya bilmir. İllərdir, Dino kimi hücumçu axtarırsız. İndi də Patrik Andrade əldən buraxıldı...
- Müqayisə edəndə "Qarabağ”ın indiki nəticələri daha yaxşıdır. Bu gün klubda hər şey yaxşıdır. Kənardan rahat görünə bilər. Elə nüanslar var ki, nə klub, nə məşqçi, nə də digərlərindən asılıdır. Bu gün pis oynamadıq. Hər bir suala hörmətlə yanaşıram. Çox böyük narazılıq bildirdiz. Belə problem, çox narahatlıq varsa, çıxanda yaxınlaşarsız, fikirlərimi bildirərəm, suallarınızı verərsiz. Burada belə aqressiv formada mənim və klubun üzərinə gəlmək doğru deyil. Sanki komanda bu gün futbol oynamadı, sanki 90 dəqiqə müdafiə olunmuşuq. Bu gün komandadan razıyam. Ürəkdən istəyən futbolçular qalır. Çatışmayan cəhətləri ola bilər, amma ürəklə qalırlarsa, mənim üçün çox futbolçudan üstündürlər.
- Cavab oyunu üçün nəyi dəyişmək lazımdır?
- Rəqib məni təəccübləndirmədi. Amma daha çox hücum futbolu, pressinq gözləyirdim. Buna imkan yaratmadıq. Əksinə, biz daha çox pressinq etdik. Hər il bu ab-havada az oyuna çıxırıq. Rəqib ilboyu belə atmosferə öyrəşir. Çox dəyişiklik etmək fikrimiz yoxdur. Etmək istədiklərimizi yaxşılaşdırmalıyıq. Komanda gözlədiyimdən daha yaxşı çıxış etdi. Cəmi 12-13 gündür, birlikdə hazırlaşırıq. Nəticə üçün ən düzgününü etməyə çalışacağıq.
- Avstriya toplanışındakı ağır məşq prosesinin bugünkü oyunun nəticəsində rolu ola bilərmi?
- Rəqib heç də bizdən güclü oynamadı. Sanki düzgün olmayan məşq prosesi nəzərdə tutursuz. Komandadan razı qaldım. Amma sanki səhvlər axtarırıq. Bu gün Polşa çempionunun üzərinə getdiksə, futbolçularımdan çox razıyam. Oyunçuların hazırlığına inanırdım, güvənirdim. Avropada 90 dəqiqə eyni tempdə oynayan komanda varmı? Əlbəttə, səhvlərimizi axtaracağıq. Çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. 13-14 ildir, bu hazırlıq prosesini keçirik. Məğlub olmuşuq deyə, hazırlıq və ya sistemi dəyişməklə bağlı fikrimiz yoxdur. Daha yaxşı olmaq üçün 1 həftə vaxtımız var. İndi səhvlərdən danışmağım düzgün olmaz.
- Cavab oyununda qələbə şansınız nə qədərdir?
- Matçdan əvvəl favoritin olmadığını demişdim. İlk oyunda məğlub olmuşuq, amma yenə də şansları bərabər sayıram.
Bir də son olaraq, hər biriniz mənim üçün əzizsiz. Və bunu bilin ki, siz nə qədər mənim üzərimə gəlsəz də, bir azərbaycanlı kimi mən birinizi belə çox insana dəyişmərəm.