16 aydır Rusiyanın işğalı altında olan Ukraynadakı Kahovka bəndinin bombalanması fəsadlara səbəb olub.
Telexeber.az xəbər verir ki, minlərlə insan sel sularından xilas olmağa çalışır. Dünyanın diqqətini yenidən bölgəyə çevirən hadisədən sonra nüvə fəlakətinin yaşana biləcəyi barədə ehtimallar irəli sürülüb.
Məlumata görə, bəndin qismən dağılması nəticəsində Dnepr çayının suyunun səviyyəsi sürətlə qalxıb və Yeni Kahovka şəhərinin mərkəzi su altında qalıb. Rusiya on minlərlə insanın həyatının təhlükədə olduğunu açıqlayıb və bölgədə fövqəladə vəziyyət elan edib. Çox sayda insan qorxu içində ərazidən qaçarkən, sel nəticəsində 7 nəfərin itkin düşdüyü bildirilir.
Ukrayna prezidenti Vladimir Zelenski 80-ə yaxın kənd və qəsəbənin su altında qala biləcəyini bildirib. Bu arada bölgədəki rusiyapərəst administrasiya sel sularının səviyyəsinin azalmağa başladığını açıqlayıb.
Qeyd edək ki, Rusiya və Ukrayna bəndin bombalanmasına görə bir-birini ittiham edib.