ABŞ kəşfiyyatının əməkdaşları hələ ötən ilin noyabr ayında ölkə rəhbərliyini Çinin Uhan şəhərində koronavirusun yayılması və bunun alovlana biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Telexeber.az Report-a istinadən xəbər verir ki, bunu öz mənbəyinə istinadən ABC telekanalı bildirib.
Mənbənin sözlərinə görə, Uhanda koronavirus alovlanmasına dair ətraflı məlumatlar Milli Səhiyyə Kəşfiyyatı Mərkəzinin (MSKM) hesabatında yer alıb.
Hesabat ələ keçirilmiş bilgi və peyk görüntülərinə əsaslanıb. Qeyd edilib ki, bu alovlanma ABŞ-ın Asiyadakı hərbi qüvvələrinə ciddi təhdid ola bilər.
Mənbənin bildirdiyinə görə, hesabatın müəllifləri bunun dəhşətli hadisələrə yol aça biləcəyi nəticəsinə gəliblər və bu barədə dəfələrlə ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi, Pentaqonun Qərargah rəisləri Komitəsi və Ağ Evi məlumatlandırılıblar.
Telekanalın bilgisinə görə, bu mövzuda yüksək vəzifəli siyasətçilərin mütəmadi brifinqi dekabrda da keçib. Yanvardan başlayaraq ABŞ prezidenti Donald Tramp durumun inkişaf barədə gündəlik məlumat alıb.
Qeyd edək ki, ABŞ-da koronavirusdan ölənlərin sayı 13 minə çatır.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 452 000-i ötüb. Bunların 309 743 nəfəri sağalıb, 83 567 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.