“Pənçə - Kilit” əməliyyatında indiyədək 30 terrorçu zərərsizləşdirilib.
Telexeber.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
Akar “Pənçə - Kilit” əməliyyatının başladığı gündən bəri planlaşdırıldığı kimi uğurla davam etdiyini söyləyib. Əsgərlərin gücünün və ruh yüksəkliyini dilə gətirən Akar deyib:
"Çətin ərazi və hava şəraitinə baxmayaraq, birinci mərhələ hədəfləri böyük əzmlə ələ keçirildi. Hədəflərimiz addım-addım müəyyən edilib. Onlarla mağara var. O mağara, sığınacaqlar bir-bir təmizlənməlidir. Bizim əməliyyatımız davam edəcək. İki şəhidimizə Allahdan rəhmət diləyirəm".
Əməliyyatda zərərsizləşdirilən terrorçuların sayı ilə bağlı sualı cavablandıran Akar ikisi bu səhər olmaqla, bu günə qədər 30 terrorçunun zərərsizləşdirildiyini deyib.
Qeyd edək ki, aprelin 18-də gecə saatlarında Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb. PKK-nın terror yuvalarını zərərsizləşdirilməsinə hədəflənən bu əməliyyatda havadan kəşfiyyat və zərbə PUA-ları, həmçinin ATAK helikopterləri iştirak edir, qurudan isə xüsusi təyinatlılar hərəkət edir.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 20-də parlamentdəki çıxışı zamanı İraqdakı antiterror əməliyyatının məqsədinin yeni ərazilər ələ keçirmək olmadığını bildirib: “Hədəfimiz İraqı terrorçulardan təmizləmək, eləcə də sərhədlərimizin təhlükəsizliyinin təmn etməkdir”.