Azərbaycanın zümrüd qaşı, Qarabağın qala qapısı Kəlbəcər zirvədir, ucalıqdır..
Kəlbəcər babalarımızın qədim tariximizin daş kitabələrinin yaddaşa yazdıqları saxlanc
yeridir. Bu yurdun hər qarışı tarixdir. Kəlbəcər ölkənin ən yüksək dağ rayonu, qədim
insan məskənlərindən olmaqla yanaşı, mədəniyyətin, sazın-sözün beşiyi, qüdrətli
sənətkarların yetişdiyi diyardır. Əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərindən başlayan
erməni təcavüzü Kəlbəcərdən də yan keçmədi. 1993-cü il aprel ayının 2-də Kəlbəcər
mənfur düşmən tərəfindən işğal olundu. İşğal nəticəsində 511 nəfər həlak olmuş, 321
nəfər itkin düşmüş və ya girov götürülmüş, 53 mindən artıq insan öz dədə-baba
torpaqlarından qovulmuş, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəymişdi.
İşğal nəticəsində Kəlbəcərdə 130 yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçib, 97
məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13
000 fərdi mənzil dağıdılıb, 37 852 ha meşə sahəsi, təbii ehtiyatlar, o cümlədən
zəngin qızıl yataqları talan edilib. Ən dəhşətlisi isə budur ki, ermənilər Kəlbəcərdə mülki
əhaliyə qarşı xüsusi qəddarlıq tətbiq etmişdilər. İnsanlar amansızcasına qətlə
yetirilmişdi. İşğal dövründə düşmən Kəlbəcərdə bütün infrastrukturu, yaşayış yerlərini
dağıdıb, mədəniyyət və dini abidələri məhv edib, ekoloji terror həyata keçirib.
Azərbaycan xalqına məxsus sərvətləri talan edib. Düşmən Ermənistanı Qarabağla
birləşdirmək, Kəlbəcər və digər ərazilərimizdə məskunlaşmaq üçün qədim Göyçə
mahalının Basarkeçər rayonundan Kəlbəcərə yol çəkmişdilər. Ermənilər bu yolla həm
təbii sərvətlərimizi, oğurladıqları, söküb dağıtdıqları evlərin əşyalarını daşıyırdılar, həm
də bir gün qaçacaqlarını bildikləri üçün Laçın dəhlizindən başqa, alternativ yola sahib
olmaq niyyətində idilər. Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT
Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamə Ermənistan silahlı
qüvvələrinin Azərbaycanın tarixi ərazisi olan Kəlbəcər rayonunu işğal etməsindən sonra,
1993-cü il aprelin 30-da qəbul olunmuşdu. Qətnamədə bütün işğalçı qüvvələrin
Kəlbəcər və Azərbaycanın işğal olunmuş digər rayonlarından dərhal çıxarılması tələb
edilirdi. Lakin 27 il ərzində bu sənədin icrası ilə bağlı mexanizm işləmədi.
Nəhayət, Azərbaycan öz gücü hesabına, təkbaşına bu qətnamənin icrasına nail
oldu, ərazi bütövlüyünü bərpa etdi, Kəlbəcər tarixi sahiblərinə qaytarıldı. Düz 27 il
Kəlbəcərə qayıdacağıq dedik, buna ürəkdən inandıq və nəhayət, doğma yurdumuza
döndük. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin misilsiz nəticələrindən
biri kimi Kəlbəcərin bir güllə belə atılmadan, bir itki belə verilmədən noyabrın 25-də
azadlığına qovuşdurulması ilə ürəyimizdə qaysaq bağlamış Kəlbəcər yarası sağaldı.
2020-ci il noyabrın 26-da "Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər
rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak
edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin 9455 hərbi qulluqçusu "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif
olundu.
Prezident İlham Əliyevin cəsarətli, prinsipial və düşünülmüş siyasətinin nəticəsidir
ki, bu gün Kəlbəcər azaddır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli
Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər
günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü
kimi müəyyən olunub.
Hazırda Kəlbəcərdə abadlıq-quruculuq işləri sürətlə davam edir. Rayonun Yanşaq
kəndində ümumilikdə 421 ailənin, Zallar kəndində ümumilikdə 487 ailənin, Zar kəndində
ümumilikdə 855 ailənin məskunlaşması nəzərdə tutulub. Həmin kəndlərdə binaların
tikintisi aparılır.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev azad olunmuş Kəlbəcərə 5 dəfə
səfər edib, rayonda aparılan tikinti-abadlıq işləri ilə şəxsən tanış olub, bir sıra
əhəmiyyətli obyektlərin açılışında iştirak edib.Tam əminliklə demək olar ki,
Azərbaycanımızın bugünkü inkişafı, ölkə Prezidentinin titanik səyi və apardığı
məqsədyönlü siyasət nəticəsində Kəlbəcər əvvəlkindən daha gözəl olacaq, zəngin
ehtiyatların istifadəsinə imkan yaradılacaq və Kəlbəcərin sərvətləri Azərbaycan
büdcəsinə öz töhfəsini verərək, unikal təbiətli Kəlbəcəri dünyəvi turizm şəhərinə
çevirəcəkdir.
Əli Eyvazov,
Salyan rayon Şorsulu kənd tam orta məktəbin direktoru, YAP fəalı