Qarabağın gözəl guşələrindən olan Kəlbəcər yeraltı və yerüstü təbii sərvətləri, büllur
bulaqları, qaynar mineral çeşmələri, əvəzsiz fauna və florası ilə zəngindir. Füsunkar gözəlliyi,
atlas geyimli dağlarla əhatə olunmuş Azərbaycanın qala qapısı, zümrüd qaşı olan unikal
Kəlbəcər ulu tarixə malikdir. Kəlbəcər inzibati rayonu 8 avqust 1930-cu ildə təşkil olunub.
Torpağının altı-üstü min bir neməti, təbii ehtiyatı, fauna və florası ilə zəngin olan, təbiəti
möcüzələrlə dolu Kəlbəcərin elə bir hissəsi yoxdur ki, orada təbii ehtiyatlar olmasın.
Kəlbəcər rayonu haqqında Ulu Öndər belə demişdir: “Böyük əraziyə malik olan Kəlbəcər
Azərbaycanın gözəl və qiymətli guşələrindən biridir. Respublikamızın ucqar rayonu olmaqla
bərabər, Kəlbəcər ölkəmiz üçün həm də strateji əhəmiyyəti olan bir rayondur. Allah
Kəlbəcərə hər cür nemətlər – gözəl təbiət, zəngin sərvətlər veribdir. Kəlbəcər məğrur dağları,
gözəl meşələri, otlaqları, çəmənləri, obaları, bulaqları olan, Vətənimizin təbiət gözəlliyini
özündə əks etdirən bir parçasıdır. Kəlbəcərin həm yeraltı sərvətləri, həm də yerüstü sərvətləri
Azərbaycanın milli sərvətlərinin bir hissəsidir.”
Bəli, sözün əsl mənasında, Kəlbəcəri təkcə Azərbaycanın deyil, dünyanın Yer üzündəki
xəzinəsi adlandırsaq, qətiyyən yanılmarıq. Azərbaycanın zümrüd qaşı, torpağının altı-üstü
min bir neməti, təbii ehtiyatı, fauna və florası ilə zəngin olan, təbiətinin möcüzələrlə dolu
unikal Kəlbəcərdə 11 iqlim qurşağının 90 faizi mövcuddur. Ərazisinin elə bir hissəsi yoxdur
ki, orada təbii ehtiyatlar olmasın. Ümumiyyətlə, Kəlbəcər ekoturizm sərvətlərinə görə
Azərbaycanın digər bölgələri ilə müqayisədə daha zəngindir. Ona görə də onlardan səmərəli
istifadə etməklə bu məkanı nəinki yerli, eləcə də beynəlxalq əhəmiyyətli turizm mərkəzinə
çevirmək mümkündür. Kəlbəcərin təbiəti, torpağının bərəkəti bəlkə də başqa ölkələrdə
yoxdur. Bunu aparılan tədqiqatlara əsaslanaraq deyə bilirik. O torpağın elə bir bucağı yoxdur
ki, orada təbii ehtiyatlara rast gəlməyəsən.
Əfsuslar olsun ki, 90-cı ilin əvvəllərində erməni daşnakları tərəfindən bu dilbər guşə
olan Kəlbəcərə də xəyanət toru hazırlanmış və qədim yaşayış məskəni mənfur, faşist xislətli
ermənilər öz havadarlarının köməyi ilə bu dilbər guşəni işğal etmiş, günahsız insanları
qəddarlıqla qətlə yetirmiş, mülki əhaliyə misli görülməmiş işgəncələr vermiş, Kəlbəcərin
məğrur dağlarını, qayalarını, meşələrini, çeşmələrini al qana boyamışdır. 27 ildən artıq bir
zaman kəsiyində bu nankor, mənfur qonşularımız bu sərvətləri acgözlüklə talayıb,
Ermənistana və xarici ölkələrə daşıyaraq, təbiətə ağlagəlməz dərəcədə ziyan vurub.
Bu yurd yerimizdə işğala qədər mərkəzi Kəlbəcər şəhəri olmaqla 1 şəhər, 1 qəsəbə,
147 yaşayış məntəqəsi olmuşdur. İşğaldan sonra Kəlbəcərin əhalisi Azərbaycanın 56 rayon
və şəhərinin 707 yaşayış məntəqəsində məcburi köçkün kimi yaşamışlar. İşğal zamanı
Kəlbəcərdən 53 min 340 nəfər əhali qovulmuş, 50 dinc insan öldürülmüş, 20 nəfər isə əsir
götürülmüş və itkin düşmüşdür.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
Müzəffər Ordumuzun göstərdiyi sücaət nəticəsində qazandığı qələbə, 2020-ci il noyabrın
10-da imzalanan üçtərəfli bəyanata əsasən ədalət bərpa olundu. Ermənistan silahlı
birləşmələri Kəlbəcər rayonunu tərk etdi, amma məğlubiyyəti həzm edə bilməyən işğalçı
Ermənistan rəhbərliyi və ordusu yenə də Azərbaycana qarşı qisasçılıq fəaliyyətlərini davam
etdirərək ekoloji terrorlar həyata keçirdi: evləri, meşələri də yandırdı, təbiətə və əhaliyə külli
miqdarda ziyan vurdu...
Hazırda digər işğaldan edilən ərazilərdə olduğu kimi, Kəlbəcərdə də genişmiqyaslı
bərpa-quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyev 5 dəfə Kəlbəcər rayonunda
səfərdə olmuş və çoxsaylı təməlqoyma və hazır olan obyektlərin açılış mərasimlərində iştirak
etmişdir. İşğaldan azad edilmiş hər bir ərazidə olduğu kimi Kəlbəcərdə də həyata keçirilən
quruculuq işləri Prezident cənab İlham Əliyevin xüsusi nəzarətindədir. Sakinlərin öz doğma
yurd-yuvalarına qayıdaraq rahat yaşamaqları üçün rayonda lazımi infrastruktur
yaradılır. Həyata keçirilən genişmiqyaslı bərpa-qruruculuq işləri Kəlbəcər rayonunun yeni
inkişaf dövrünün başlandığını deməyə əsas verir.
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad
olunmuş ərazilər üzrə şəhər günlərinin təsis olunması ilə bağlı 31 iyul 2023-cü ildə Sərəncam
imzalayıb. Sərəncama əsasən hər il 25 noyabr tarixi Kəlbəcər şəhəri günü kimi təntənəli
şəkildə qeyd olunacaq. Bir sözlə, azad Kəllbəcərin xoş günləri bundan sonra olacaq. Sazlı-
sözlü Kəlbəcər yenidən Azərbaycanın zümrüd qaşı kimi parlayacaqdır.
Zeynəb Məmmədli,
Salyan rayon Kərimbəyli kənd tam orta məktəbin müəllimi, YAP fəalı