Ağdam rayonunun Tağıbəyli kəndinə 3840 nəfərin köçürülməsi nəzərdə tutulur, bunun üçün 885 fərdi ev inşa ediləcək, ilkin mərhələdə də 108 ailənin köçürülməsi planlaşdırılır.
Telexeber.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevə kəndin təməlini qoyarkən Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov məlumat verib.
Bildirilib ki, layihələndirilən ərazi 255,31 hektardır, bu da Tağıbəyli və Suma kəndlərinin ərazisindən ibarətdir. Birinci mərhələdə layihələndirilən sahə 78,05 hektardır və buraya 108 ailənin köçürülməsi planlaşdırılır. Bu mərhələdə tikiləcək 108 evin 22-si ikiotaqlı, 54-ü üçotaqlı, 27-si dördotaqlı, 5-i isə beşotaqlı olacaq.
Bundan başqa, kənddə 264 şagird yerlik məktəb binası, 80 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, kitabxana, qonaq evi, ticarət mərkəzi, idman-sağlamlıq mərkəzi, inzibati bina, məişət xidməti obyekti, sənətkarlıq emalatxanası, kənd meydanı, Bayraq meydanı, park, yanğınsöndürmə deposu (2 maşın yerlik), qazanxana, su anbarı, idman meydançası, 35 kV-luq paylayıcı qurğu və bazar kompleksi inşa ediləcək.