Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan
Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir.
Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olub.
Kəlbəcər rayonu 1993-cü ilin aprel ayının 2-də Ermənistan ordusu tərəfindən işğal
edilmişdir. Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən Kəlbəcər rayonunun
Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində yerli əhali min illər
boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınmışdır. İşğal nəticəsində
onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub,
42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23
ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina və s. talan edilmiş, dağıdılmış və rayonun
milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.
Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün davam edən
Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbə nəticəsində tarixi ədalət bərpa
edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. O cümlədən, Ermənistanın məcbur
qalaraq imzaladığı 10 noyabr Üçtərəfli Bəyanatına əsasən, noyabrın 25-də Kəlbəcər
rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147
yaşayış məntəqəsi işğaldan azad edildi. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad
olunmasına görə” medalı təsis olundu. Prezident İlham Əliyevin sərəncamları ilə
Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında
iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif
edildi.
Bu gün Kəlbəcərdə işğaldan azad olunmuş digər ərazilərimizdə də olduğu kimi
vüsətli quruculuq işləri həyata keçirilməkdədir. İntensiv şəkildə həyata keçirilən bərpa-
quruculuq işləri çərçivəsində inşasına başlanılan mühüm strateji obyektlərin,
müəssisələrin təməlinin şəxsən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən
qoyulması görülən işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir.
Rayonun Yanşaq və Zallar kəndlərində yaşayış məntəqələrinin salınması üçün 20
illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla müvafiq olaraq
121 və 137 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Kəndlərə əhalinin
köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Kəndlərdə, həmçinin
Kəlbəcər rayonunun ərazisində Tərtərçayın sol qolu olan Meydan çayının üzərində
3,4 meqavatlıq kiçik su elektrik stansiyası tam yenidən qurulub. Rayonun qərbində
Tərtər çayı üzərində yerləşən 8,33 meqavat gücündə “Çıraq-1” və 5,3 meqavat gücündə
olan “Soyuqbulaq”, Qaraarxac çayı üzərində 3,6 meqavat gücündə “Çıraq-2” Kiçik Su
Elektrik stansiyaları “AzərEnerji” ASC tərəfindən tamamilə yenidən qurulub.
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. I, II və
III texniki dərəcəli yol iki, üç və dörd hərəkət zolağından ibarət olacaq. Bu yolun
üzərindəki 5 tunelin ümumi uzunluğu 25,9 kilometrdir. Tunellərin 12,3 kilometrlik
hissəsində qazma işləri tamamlanıb.
Kəlbəcərin ilk yaşayış məhəlləsi 3,26 hektar ərazidə layihələndirilib. Yaşayış
məhəlləsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə icra
olunan Baş plan layihəsi çərçivəsində hazırlanıb. Məhəllədə dördmərtəbəli 3 və
ikimərtəbəli 10 yaşayış binasının inşası nəzərdə tutulur. Burada 112 mənzildə
ümumilikdə 460 nəfərdən çox sakin yaşayacaq. Məhəllədəki məktəbin ətrafında
salınacaq yaşıllıq ərazi ictimai məkan funksiyasını yerinə yetirməklə əhalinin asudə
vaxtının səmərəli keçirilməsinə xidmət edəcəkdir.
Rayonun Zar kəndində ümumilikdə 855 ailənin məskunlaşması planlaşdırılıb.
Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı
inkişaf nəzərə alınmaqla 243 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub.
Birinci mərhələdə kəndə 547 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası
planlaşdırılır. Tikiləcək 547 evin 131-i ikiotaqlı, 289-u üçotaqlı, 92-si dördotaqlı, 35-i
beşotaqlı olacaq. Burada, həmçinin 528 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası
tikiləcəkdir.
Aparılan planlı işlərin sürətli şəkildə həyata keçirilməsi öz torpaqlarından didərgin
düşmüş həmvətənlərimizin qayıdışı üçündür. Xüsusilə enerji və nəqliyyat
infrastrukturunun müasir tələblər çərçivəsində qurulması gələcəkdə bu ərazilərə
qayıdışın daha effektiv və tez reallaşmasını təmin edəcəkdir.
Göründüyü kimi, işğal altındakı torpaqlarımızı cəmi 44 gün ərzində azadlığına
qovuşduran Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev indi də qurucu lider,
Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bütün layihələrin baş memarı kimi
doğma yurdlarımızın bərpa olunması və tezliklə keçmiş məcburi köçkünlərin, o
cümlədən Kəlbəcər elinin illərdir həsrətini çəkdiyi əzəli torpaqlarına qovuşdurulması
üçün gecə-gündüz əzmlə çalışır. Cəmi 3 il ərzində görülən bütün bu möcüzəvi işlər isə
dövlətin gücünü, Prezidentin qətiyyətini, xalqımızın böyüklüyünü və Azərbaycan
Ordusunun rəşadətini bir daha göstərir.
Mahirə Məlikova,
Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini