Jurnalistika faktla danışır, ittihamla yox! Cəlilabadda Xudayar Rəhimova qarşı səsləndirilən iddialar hansı sübuta söykənir?


Son günlər TikTok platformasında jurnalist Elnur Şükürovun Cəlilabad rayonunun Təklə–Məlikqasımlı avtomobil yolu ilə bağlı paylaşdığı videolar geniş müzakirələr doğurub. Videolarda 46 saylı Yol İstismar İdarəsinin rəisi Xudayar Rəhimovun ünvanına milyonlarla manat dövlət vəsaitinin mənimsənilməsi kimi son dərəcə ağır ittihamlar səsləndirilir.

Ancaq ortada bir sual var: Bu ittihamların faktı haradadır?

https://telexeber.az/gundem/24858-clilabadda-xudayar-rhimova-qar-ittihamlar-fakt-varm-yoxsa-sosial-bk-manipulyasiyas.html

"20 milyon yeyilib", "pul mənimsənilib", "yol keyfiyyətsiz çəkilib" kimi ifadələr səsləndirmək asandır. Bəs bunun arxasında hansı audit aktı, hansı Hesablama Palatasının rəyi, hansı prokurorluq sənədi, hansı məhkəmə qərarı dayanır?

Əgər bunlar yoxdursa, belə iddialar ictimai müzakirə doğursa da, hüquqi baxımdan sübut olunmuş fakt hesab edilə bilməz.

Videolara diqqətlə baxdıqda görünür ki, yolun bərpası işləri artıq başlamışdı. Texnikalar ərazidə işləyirdi. Maraqlıdır, əgər məqsəd həqiqəti göstərmək idisə, niyə yol tam bərpa olunduqdan sonra çəkilən görüntülər də paylaşılmadı?

Sonradan çəkilən fotolarda isə həmin hissədə yeni asfalt örtüyünün salındığı görünür.

Son günlər Azərbaycanın müxtəlif bölgələrində yağan aramsız leysan yağışları yolları, körpüləri və digər infrastruktur obyektlərini sıradan çıxarıb. Cəlilabad da bu fəlakətdən kənarda qalmayıb. Belə vəziyyətdə yolun zədələnməsinin səbəbi barədə hökmü sosial şəbəkələr deyil, müstəqil texniki ekspertiza verməlidir.

Xudayar Rəhimovun fəaliyyəti təkcə yollarla məhdudlaşmır. Şəhid ailələri, qazilər və veteranlara göstərilən dəstəklə bağlı çoxsaylı faktlar mövcuddur. Vətən müharibəsi şəhidi gizir Nəcməddin Quliyevin son arzusunun həyata keçirilməsi və Çünzəli kənd yolunun qısa müddətdə asfaltlanması bunun nümunələrindən biri kimi göstərilir.

Telexeber.az hesab edir ki, dövlət qurumlarının fəaliyyəti tənqid oluna bilər və olunmalıdır. Lakin tənqid faktlara söykənməlidir. Sübut olunmamış ittihamlar isə nə jurnalistikaya, nə də cəmiyyətin düzgün məlumatlandırılmasına xidmət edir.

Fakt jurnalistikanın əsas dayağıdır. Fakt yoxdursa, ittiham hökm deyil. İctimaiyyət də məhz buna görə hər iki tərəfin mövqeyini eşitməli və nəticəni səlahiyyətli dövlət qurumlarının araşdırmalarına əsasən qiymətləndirməlidir.
Популярный ролик