Hər birimizə məlumdur ki, 2 fevral gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasi qoyuldu. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradıldı.
Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzrlərində hiss etmişlər. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirildi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı. Əsası Ulu Öndər tərəfindən tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir. Bugünkü Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqəti və qayğı dərin ehtiram hissi ilə xatırlayır.
Hər bir ölkənin gələcəyi bilavasitə onun gəncliyindən asılıdır. Bütün dövrlərdə gəncliyin mənəvi və fiziki sağlamlığı cəmiyyət üçün önəmli olub. Əgər cəmiyyətdə inkişaf varsa deməli o cəmiyyətdə gənclər də yenilikçi, intellektual, mənəvi və fiziki anlamda sağlam olacaqlar. Gənclik gələcəyin özü, böyük güc, böyük arzular, böyük ümidlər və sağlam düşüncə deməkdir. Hər bir gənc bütün bunların dəyərini bilməli, ailəsi, vətəni və cəmiyyəti üçün önəmli şəxsiyyət olmağa çalışmalıdır.Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intellektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi oluruq.
Ümummilli lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, Dövlət proqramları bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və Dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib. Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Dövlətimizin başçısının 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur. Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün respublikamızda 40-dan çox Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır.
Təsadüfi deyil ki, beynəlxalq yarışlarda qazanılan idman nailiyyətlərimizin sayı ildən-ilə artır. Azərbaycanın “Rio 2016” XXXI Yay Olimpiya Oyunlarında 18 medal qazanaraq bu göstəriciyə görə, 14-cü yerdə qərarlaşması bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bundan başqa, milli komandamızın ölkəmizdə yüksək səviyyədə keçirilən “Bakı-2015” birinci Avropa Oyunlarında ikinci, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutması,şahmatçılarımızın dəfələrlə Avropa çempionu olmaları Azərbaycan gənclərinin son illərdə idman sahəsində qazandıqları uğurların əyani göstəriciləridir. Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır. Cənab Prezidentin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclər siyasətinin elmi-nəzəri əsaslara bağlılığının, əməli nəticəliliyinin, davamlılığının daha bir əyani sübutudur.
Müasir dövrdə elmin və texnologiyanın sürətli inkişafı, postneft dövrünün başlanması Azərbaycan dövlətinin də gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət yürütməsini zəruri edib. Bu zərurəti nəzərə alan dövlətimizin başçısı gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Prezident İlham Əliyev gənclərimizin dini ekstremizm, separatizm, beynəlxalq terrorizm kimi təhlükəli, zərərli təsirin altına düşməsinin qarşısını alan yeni iş metodlarının tətbiqi zərurəti ilə əlaqədar 2017-ci sentyabrın 15-də “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq olunmasına dair Sərəncam imzalayıb. Gənclərlə bağlı bütün məsələlərin geniş əhatə olunduğu bu mühüm sənədin məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.
Daim Azərbaycan gənclərinin yanında olan Prezident İlham Əliyevin və Birinci Vitse-prezident xanım Mehriban Əliyevanın 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə hər il təşkil olunan respublika toplantısında iştirakı, dövlətimizin başçısının gənclərin fəaliyyətinə yüksək diqqət verməsi, eləcə də Azərbaycan gəncliyinin qarşısında duran əsas hədəf və vəzifələri dəqiq müəyyənləşdirməsi, Prezident İlham Əliyevin müxtəlif sahələrdə böyük uğurlar qazanan, fədakarlıq göstərən gəncləri təltif etməsi gənc nəslin bütün nümayəndələrini daha böyük nailiyyətlər əldə etməyə həvəsləndirməklə yanaşı, onlara əsl bayram sevinci yaşadır.
Ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlqələndirilməsində mühüm rol oynayır.
Bu ali diqqət və qayğını daim öz üzərində hiss edən Azərbaycan gəncliyi göstərilən etimadı layiqincə doğrultmağa çalışır. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 oktyabr 2019-cu il tarixli, 1454 saylı Sərəncamına uyğun olaraq, ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılmasına başlanılmışdır.Gənclərin İnkişaf və Karyera Mərkəzi 2 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maddi-texniki bazası əsasında fəaliyyətə başlamışdır. Hazırda Mərkəzin 50-dən çox rayonda nümayəndəlikləri fəaliyyət göstərir. Gənclərin İnkişaf və Karyera Mərkəzinin məqsədlərinin tam mərkəzində məhz gənclər dayanır.
Mərkəzin əsas məqsədi; Gənclərin azərbaycançılıq və dövlətçilik prinsiplərinə uyğun hərtərəfli inkişafını təmin etmək; Rayonlarda yaşayan gəncləri dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumatlandırmaq və məsləhət vermək; Müxtəlif proqramlara müraciət və onlarda iştirak imkanı yaratmaq; Gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif təlimlər, təhsil və təcrübə proqramları təşkil etmək; Gənclərin karyera və peşə seçimlərini dəstəkləmək, onları peşəkar həyata hazırlamaq; Gənclərin asudə vaxtını səmərəli keçirmələrinə və sosiallaşmasına şərait yaratmaq; və nəhayət, gənc istedadları üzə çıxarmaq.
Tam inamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq. Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevdir. Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” - sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir. Gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alan Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.
Sevindirici haldır ki, gənclərimiz ölkə həyatının bütün sahələrində fəal iştirak etməklə mühüm proseslərdə rol oynayırlar. Belə ki, bütün dünyanı cənginə alan və ölkəmizdə də ciddi mübarizənin aparıldığı koronavirus pandemiyasına qarşı Azərbaycan gəncləri də fəal şəkildə səfərbər olunublar. Belə ki, gənclərimiz pandemiya ilə əlaqədar ölkəmizin bütün şəhər və rayonlarında əhalinin maarifləndirilməsi, sosial məsafənin saxlanılması, qoruyucu tibbi vasitələrdən istifadəyə dair müxtəlif sosial təşəbbüslər, kampaniyalar,tədbirlər təşkil edir, aztəminatlı, köməksiz ailələrə yardımların göstərilməsində iştirak edir, bu mübarizəyə öz töhfələrini verirlər.
Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də şübhəsiz ki, sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.
Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır.
Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.
Azərbaycan gəncliyi tarixin bütün dövrlərində öz milli kimliyi, milli şüurun,milli təfəkkürün və milli özünüdərkin fəlsəfəsini dərindən mənimsəmiş, ən müxtəlif platformalarda dövlətimizi layiqincə təmsil etmişlər. Bu prosesin ən möhtəşəm imzasın isə 44 günlük müqəddəs Vətən Müharibəsində sübuta yetirdilər. Məhz 44 günlük Vətən Müharibəsi zamanı biz bütün dünyaya öz milli kimliyimizi sübut etdik. 30 ildir işğal altında olan torpaqlarımız azad edildi və böyük zəfər qazandıq. Azərbaycan gəncliyi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarix yazdı və biz düşməni yerində oturtduq. Gənclərimiz öz canı və qanı bahasına bizi doğma torpaqlarımıza qovuşdurdular.
Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident cənab İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu alqışlayır, bu siyasətin icrasında daim onun yanındadır.
Sonda özünü gənc hesab edən hər kəsi təbrik edirik !
Bayramınız mübarək olsun əziz gənclərimiz !
Ağdam Dövlət Sosial-İqtisadi Kollecin direktoru,iqtisad üzrə elimlər doktoru,professor Natiq Cavadov.
Ağdam Dövlət Sosial-İqtisadi Kollecin müəllimi Xaləddin Tağıyev.