Ceyhun Bayramov TÜRKSOY-un Baş katibi ilə görüşdü
- 19.05.2022, 09:46,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev ilə görüşüb.
Telexeber.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Ceyhun Bayramov Sultan Raevi TÜRKSOY-un Baş katibi seçilməsi münasibətilə təbrik edib. O, Azərbaycanın Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı ilə əməkdaşlığa verdiyi yüksək önəmi vurğulayıb. Nazir Şuşada keçiriləcək konfransda iştirakı çərçivəsində Baş katibin azad edilmiş ərazilərdəki vəziyyət, o cümlədən burada aparılan geniş miqyaslı quruculuq işləri ilə yaxından tanış olmaq imkanının olacağını bildirib.
Baş katib Sultan Raev namizədliyinə verdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib.
Təşkilatın rəhbəri qismində fəaliyyətin yüksək məsuliyyət tələb etdiyini söyləyən Baş katib, Türk dünyasının mədəniyyətinə xidmət edəcəyini vurğulayıb. TÜRKSOY Daimi Şurasının Bursa şəhərində keçirilən iclasında Şuşa şəhərinin 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı elan edildiyini xatırladan Sultan Raev, bu xüsusda qarşıdan gələn il ərzində zəngin proqramların təşkil ediləcəyini söyləyib.
Görüşdə tərəflər, həmçinin gələn il TÜRKSOY-un 30 illiyinin qeyd edilməsi, Azərbaycanın təşkilatla fəal əməkdaşlığı, türk xalqlarının ortaq mədəniyyətinin təşviqi istiqamətində işlərin görülməsi və digər qarşılıqlı maraq doğuran mövzular üzrə fikir mübadiləsi aparıblar.