Son vaxtlar ölkədə "A-95 PREMİUM" markalı avtomobil benzininin satışında məhdudiyyətlərin olması və yaxın zamanlarda qiymətinin bahalaşması ilə bağlı məlumatlar yayılır.
Telexeber.az-ın məlumatına görə, məsələ ilə bağlı SOCAR-ın İctimaiyyətlə əlaqələr və Kommunikasiya xidmətindən bildirilib ki, yayılan məlumatlar doğru deyil: "Heç bir məhdudiyyətdən, bahalaşmadan söhbət belə gedə bilməz. Çox güman ki, məhdudiyyət hər hansı yanacaqdoldurma məntəqəsində yaranmış texniki problemlə bağlı olub".
Məlumatda o da qeyd edilib ki, ölkəmizdə fəaliyyət göstərən bütün "SOCAR" brendli yanacaqdoldurma məntəqələrində, eyni zamanda Siyəzəndə fəaliyyət göstərən hər iki YDM-də A-92 və digər yanacaq növlərinin satışı ilə bağlı heç bir çətinlik yoxdur. Hazırda qeyd olunan yanacaq növünün satışı fasiləsiz olaraq həyata keçirilir.
Qeyd edək ki, neft məhsullarının topdan satışının həyata keçirilməsi, qəbulu və saxlanılması məqsədilə Bakı şəhərində və respublikamızın digər bölgələrində “SOCAR PETROLEUM” QSC-yə məxsus neft terminalı bazaları (NTB) fəaliyyət göstərir. Respublika üzrə bunlar 11 ədəddir. Qeyd olunan NTB-lərdə digər yanacaq növləri ilə yanaşı, dizel yanacağının da, topdan satışı həyata keçirilir. Bununla da, respublikamızda fəaliyyət göstərən başqa yanacaqdoldurma məntəqələri və yerli sahibkarlar neft məhsullarına olan tələbatlarını ödəmək üçün “SOCAR PETROLEUM” QSC-yə məxsus, qeyd olunan neft terminalı bazalarından lazımi qədər neft məhsullarını eyni zamanda, dizel yanacağını əldə edərək öz tələbatlarını ödəyə bilirlər.
Xatırladaq ki, "A-95 PREMİUM" və "A-98 SUPER" markalı yanacaq növləri ölkədə istehsal olunmur. Hazırda SOCAR-ın balansında olan Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda ancaq “Aİ-92” markalı benzin istehsal olunur, yuxarıda isə qeyd olunan benzin markaları ölkəyə idxal olunur.
“Aİ-92” markalı benzinin qiyməti Tarif (qiymət) şurası tərəfindən tənzimlənir. Digər benzin markalarının qiymətləri isə onların alış bazarındakı qiymətlərdən asılıdır.
"A-95 PREMİUM" və "A-98 SUPER" markalı yanacaq növlərinə olan qiymətlər axırıncı dəfə ötən ilin sentyabrın 15-də artıma doğru dəyişib. Hazırda "A-98" 1,9 manata, "A-95" isə 1,6 manata satılır. Bundan öncə "A-95 PREMİUM"un 1 litrinin qiyməti 1,45 manat, "A-98 SUPER" markalı benzinin qiyməti isə 1,6 manat təşkil edirdi.