Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci ilin birinci
rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə
zamanı çıxışında ölkənin siyasi sistemində sağlam müxalifətçiliyin əhəmiyyətini
yüksək qiymətləndirmiş və siyasi münasibətlərdə sağlam dialoq mühitini siyasi
dəyər kimi təsvir edərək bildirmişdir: “Müxalifət nümayəndələri bəzən iqtidar
nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə
çatdırırlar və bu, çox müsbət haldır. Ancaq, eyni zamanda, bir daha demək
istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır,
bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır. Hesab edirəm ki,
hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət
partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam
yeni vəziyyətin yaradılmasına gətirib çıxarır.”
Ötən iki ili “siyasi dialoq” məfhumunun aktuallaşdırılması mərhələsi kimi
dəyərləndirmək olar. Ötən müddət siyasi münasibətlərin iştirakçıları arasında
dialoq ilə bağlı olan lazımi vərdiş və səriştələrin inkişaf etdirilməsi dövrü, siyasi
münasibətlərdə köhnə stereotiplərin dəyişdirilməsi mərhələsi idi. Eyni zamanda
ötən dövr sistemli islahatlara hazırlıq, regionda formalaşan yeni reallığa
adaptasiya, siyasətdə xalqın və xarici qüvvələrin dostlarını bir-birindən ayırd etmək
dövrü idi.
“Siyasi partiyalar haqqında” yeni Qanunun hazırlanması və qüvvəyə minməsi
faktı təkcə formalaşan yeni siyasi konfiqurasiyasının təzahürü deyil. Yeni Qanun,
eyni zamanda siyasi dialoqu atributiv müstəvidən konstruktiv əməkdaşlıq
müstəviyə çıxaran ali siyasi iradənin təzahürüdür. Prezident İlham Əliyevin
təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirməsi siyasi proseslərdə
iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması
deməkdir.
İqtidar siyasi dialoq prinsiplərinə sadiqdir. Dialoq mühiti siyasətdə açıq
münasibətlərin bərqərar olmasını tələb edir. Ölkənin siyasi tarixində ilk dəfədir ki,
yeni Qanunun hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəfləri
cəlb olunmuşdur. Qanuna dair təkliflərin təqdim olunması ilə bağlı iqtidarın açıq
müraciətləri siyasətdə bilavasitə demokratik prinsiplərə sadiqliyinin təzahürdür.
Siyasətdə dialoq mühiti demokratik dəyər kimi qiymətləndirilməlidir. Prezident
İlham Əliyevin dialoq təşəbbüsləri ölkədə demokratik ənənələrinin
dərinləşdirilməsinə xidmət edir. Siyasi proseslərə qiymət verərkən, obyektivlik
naminə nəzərə alınmalıdır ki, ölkəmizdə dialoq təşəbbüsü ilə çıxış edən tərəf məhz
iqtidardır.
Dialoq mühiti siyasi münasibətlərdə iştirak edən tərəflər arasında mövqelərinin
balansına xidmət edir. Təsadüfi deyil ki, ötən müddət ərzində siyasi dialoq prosesi
çərçivəsində fərq vermədən yüzlərlə görüş təşkil olunub, habelə çoxlu sayda
müxtəlif səpgili məsələlər açıq və əməkdaşlıq şəraitində müzakirə olunaraq öz
həllini tapmışdır.
İnkişafında durğunluq dövrünü yaşayan siyasi partiyaların ölkənin siyasi
sisteminin funksionallığına fayda verməsi artıq mümkünsüzdür. Zəif partiyalar
xarici qüvvələrin əlində manipulyasiya alətinə çevrilir. Odur ki, yeni Qanun tərəflər
arasında güclərin balansına və adekvat rəqabət mühitinin formalaşdırılmasına
xidmət edir.
Siyasi dialoqla bağlı olan təşəbbüsləri inkar edən və bu proseslərdə iştirak
etməkdən boyun qaçan qüvvələr öz radikal və xain mövqelərini nümayiş etdirmiş
olurlar. Siyasi partiyaların güclənməsinə və ölkənin siyasi sistemində rolunun
artırılmasına xidmət edən yeni Qanuna qarşı sərt və qərəzli şəkildə çıxış edən
qüvvələr özlərini ifşa etdilər. Bu cür partiyalar açıq rəqabətə hazır deyillər və onlar
müxalifətçiliyə dair öz inhisarçılığını itirmək qorxusunu yaşayırlar. Rasional və
demokratik müxalifətçilik dialoqsuz mümkünsüzdür. Açıq müzakirələri tələb edən
dialoq mühiti cəmiyyətdə mövcud potensialının səfərbər olunmasına xidmət edir.
Odur ki, dialoqun inkar edilməsi milli həmrəyliyə qarşı çıxış etmək deməkdir.
Elnur Hüseynov
Salyan rayon Statistika İdarəsinin rəisi, YAP fəalı