Müasir tarixi dövrdə uğurlu xarici siyasət kursu müəyyənləşdirmək və həyata
keçirmək olduqca çətindir. Burada həm dövrün geosiyasi, iqtisadi, mədəni,
sivilizasiya mürəkkəbliklərini və ziddiyyətlərini, həm regionun özəlliklərini, həm də
konkret ölkənin tarixi təkamül xüsusiyyətlərini nəzərə almaq lazım gəlir. Lakin bu da
kifayət etmir. Sadalanan sahələrin hər biri özlüyündə mürəkkəb sistem təşkil edir və
çoxlu amillərdən asılıdır.
Siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsi bilavasitə demokratik
ənənələrin inkişafına xidmət edən təcrübədir. Siyasi proseslərdə iştirak edən tərəflər
arasında işgüzar mühitin və sağlam münasibətlərin qorunması məqsədilə atılan
addımlar siyasi partiya rəhbərləri tərəfindən fəal şəkildə dəstəklənir. Belə ki, ölkədə
fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti siyasi dialoq proseslərinin fəal
iştirakçılarıdır. Görülən işlərin məntiqi nəticəsidir ki, iqtidar-müxalifət dialoqu artıq
ölkəmizin gündəlik siyasi təcrübəsinə daxil olub və davamlı şəkildə inkişaf edir.
Azərbaycan iqtidarı müxtəlif təşəbbüslər vasitəsilə dialoq məfhumunun
aktuallığının qorunmasını təmin edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan
sistemli islahatlar, eyni zamanda, siyasi münasibətlər sistemini də əhatə edir.
Dövlətimizin başçısı bu gün siyasi sahədə çox genişmiqyaslı islahatlar aparılır.
Siyasi dialoq mühitinin ölkəmizdə dəstəklənməsi, eləcə də dialoq məfhumunun
təşviqi məqsədilə Azərbaycanda fərqli layihələr davamlı olaraq reallaşmaqdadır.
Görülən işlər sayəsində “siyasi dialoq” anlayışı öz aktuallığını qoruyaraq, siyasi
təcrübənin ayrılmaz amilinə çevrilib. Dayanıqlı dialoq və yüksək siyasi münasibətlər
Azərbaycan milli mədəniyyətinə məxsus keyfiyyətlərdən biridir və ölkəmizdə əsrlər
ərzində formalaşmış tolerant və multikulturalizm mühitinin qorunmasının vacibliyi bu
gün də diqqət mərkəzindədir. Dialoq ənənələri ilə zəngin olan Azərbaycanda milli
və siyasi həmrəyliyin inkişafı üçün bütün amillər mövcuddur, bu istiqamətdə
əməkdaşlıq və siyasi partiyaların fəaliyyətləri yüksək səviyyədə həyata keçirilir.
Təşviq edilən dialoq mühiti konstruktiv əməkdaşlığı, dövlət naminə şəxsi
ambisiyalardan imtina olunmasını, milli həmrəyliyi, habelə etibarlı münasibətləri
tərənnüm edir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Yeni Azərbaycan Partiyasının VII qurultayında çıxışında partiyaların inkişafını
ümummilli məsələ kimi qeyd edərək demişdir: “Ümummilli məsələlərdə heç bir fərqli
fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi
partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar
olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün siyasi dialoq aparılır. Mən bunu çox təqdir
edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün
bunun böyük əhəmiyyəti var.
Siyasi həmrəyliyin təcəssümü olan siyasi dialoqun ölkəmizdə mövcudluğu, eyni
zamanda siyasi sabitliyi təmin edən əsas amillərdən biridir. Təqdirəlayiq haldır ki,
hökumətin bu cür təşəbbüslərində alim, siyasi ekspert və şərhçilər də fəal iştirak
edirlər. Bununla Azərbaycan hökuməti, əslində, müxtəlif sahələrin potensialının
səfərbər olunmasını və inkişafını təmin edir.
Əzizağa Məmmədli,
“Qələbə” qəzetinin əməkdaşı