Prezident İlham Əliyev öz çıxışlarında ölkənin siyasi sistemində sağlam
müxalifətçiliyin əhəmiyyətini və siyasi münasibətlərdə sağlam dialoq mühitini siyasi
dəyər kimi vurğulayıb. Bu istiqamətdə son bir neçə il ərzində iqtidarla ölkədəki müxtəlif
siyasi partiyalar arasında dayanıqlı dialoq ənənələrinin formalaşdırılması işləri geniş
ictimaiyyət arasında müsbət qarşılanıb. Belə ki, ötən iki il “siyasi dialoq” məfhumunun
aktuallaşdırılması mərhələsi, siyasi münasibətlərin iştirakçıları arasında dialoq ilə bağlı
olan lazımi vərdiş və səriştələrin inkişaf etdirilməsi dövrü idi.
İki il əvvəl iqtidar-müxalifət dialoqu çərçivəsində Prezident Administrasiyasında
ölkədə fəaliyyət göstərən siyasi partiya rəhbərləri ilə görüşlərin keçirilməsinə
başlanıldı. Ötən dövr siyasi münasibətlərdə köhnə stereotiplərin dəyişdirilməsi
mərhələsi oldu. bu gürüşlərdə qərəzli mövqelərdən çıxış edən tərəflər üçün ötən müddət
səhvləri etiraf etmək və siyasi fəaliyyətini yeni təmiz səhifədən başlamaq şansı yarandı.
Ölkədə siyasi sistemin sağlamlaşdırılması istiqamətində əhəmiyyətli addımlar atıldı.
Siyasi partiya rəhbərləri ilə görüşlərdə vurğulanıb ki, Prezident İlham Əliyevin
təşəbbüsü ilə ölkədə təşviq olunan dialoq mühiti siyasi sabitliyin əsası olmaqla yanaşı,
dayanıqlı inkişafı təmin edən əsas amillərdən biridir. Vətən müharibəsi dövründə ölkədə
təmin edilən siyasi və milli həmrəyliyin dövlətin təməl prinsiplərinin möhkəmlənməsinə
xidmət edib və bu istiqamətdə aparılan iqtidar-müxalifət dialoqu davam edəcəkdir.
Yeni siyasi konfiqurasiyanın inkişafı üçün bütün partiyalarla konstruktiv
münasibətlərin qurulmasının çox vacib haldır. Prezident Administrasiyası tərfindən
işğaldan azad olunmuş Ağdam və Şuşa şəhərlərinə partiya sədrlərinin birgə səfərləri
təşkil edilib və belə səfərlər gələcəkdə də təşkil olunacaqdır.
İqtidar nümayəndələri ilə siyasi təşkilatlar arasında aparılan dialoq çərçivəsində
partiya sədrləri ilə silsilə görüşləri ölkədə formalaşan siyasi konfiqurasiya prosesinin
artıq dayanıqlı formada davam etdiyini göstərir. Qeyd etmək lazımdır ki, bunlar
islahatların növbəti mərhələsinin davamı olaraq ötən müddət ərzində siyasi dialoqun
daha da inkişaf etdirilməsi istiqamətində mühüm addımlar sayılır. Partiya rəhbərləri ilə
görüşlərdə formalaşan yeni siyasi konfiqurasiyanın daha da inkişaf etdirilməsi,
dayanıqlığı kimi bir sıra mühüm və cəmiyyət üçün böyük əhəmiyyət kəsb edən
məsələlər müzakirə olunur ki, bu, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq
olunan dialoq mühitinin, siyasi sabitliyin qorunub saxlanmasında, yeni siyasi
konfiqurasiyanın və vətəndaş həmrəyliyinin formalaşmasının əyani sübutudur. Diqqət
çəkən məqamlardan biri də görüşlərdə İkinci Qarabağ müharibəsində qazanılmış
Qələbədən sonra regionda yaranmış yeni reallıq mövzusunun da geniş müzakirə
olunmasıdır. Xüsusi qeyd etmək lazımdır ki, ölkədəki siyasi və milli həmrəyliyin
formalaşması dövlətin təməl prinsiplərinin möhkəmlənməsinə xidmət edən əsas
amillərdən biridir. Dialoq və əməkdaşlıq formatının 44 günlük Vətən müharibəsindəki
Qələbəmizi təmin edən əsas amillərdən biri hesab olunması ilə bağlı bu gün cəmiyyətdə
dəyişilməz fikir formalaşıb. Bir zamanlar bu siyasi dialoqa, iqtidar-müxalifət
münasibətlərinin sivil qaydada inkişafına qarşı çıxanların dövlət və dövlətçilik
maraqlarını yox, öz şəxsi ambisiyalarını qorumaq cəhdinin qarşısı da zamanında alındı.
Hər kəsə aydın oldu ki, müxalifətçilik dövlətə və dövlətçiliyə qarşı çıxmaq deyil. Ayrı-ayrı
məsələlərdəki fikir fərqliliyi isə plüralizm və demokratiyanın elementlərindən biridir.
Prezident İlham Əliyevin bildirdiyi kimi: “Mən demişdim ki, bizim normal dialoqa
ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar
arasında normal, sivil münasibətlərə ehtiyacımız var”. “Uğurla başlayan bu siyasi dialoq
bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin
olunması işinə xidmət edəcəkdir.”
Sehranə Rzayeva
Salyan şəhər 2 tam orta məktəbin müəllimi, Əməkdar müəllim.