"Ötən il Azərbaycanda 170 uşaqda onkoloji xəstəliklər aşkar olunub".
Telexeber.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasının şöbə müdiri Reyman İsmayılzadə deyib.
Onun sözlərinə görə, həmin uşaqların hamısı müvafiq protokollar əsasında müalicə alıb: "Uşaqların və böyüklərin onkologiyası bir-birindən əsaslı surətdə fərqlənir və uşaqlarda olan onkoloji xəstəliklər bütün bədxassəli şişlərin təqribən 1-1.5%-ni təşkil edir. Uşaqlarda onkologiyanın əsas hissəsini embrional şişlər əhatə edir. Bunların içində leykemiyalar (28%), mərkəzi sinir sisteminin şişləri (18-20%) və limfomalara (12-14%) daha çox rast gəlinir. Digər bədxasssəli şişlər, məsələn, nefroblastoma, neyroblastoma, rabdomiosarkoma isə hər biri ayrılıqda 6-7%-dir. Böyüklərdə təsadüf edən xərçəng xəstəlikləri (mədə-bağırsaq, ağciyər, süd vəzi xərçəngi və.s) uşaqlarda çox nadir hallarda rast gəlinir. Müasir müalicə metodları daha yaxşı nəticə verir və uşaqların böyük əksəriyyətində tam sağalma mümkündür".
Şöbə müdiri uşaqlarda xərçəng xəstəliklərinin yaranma səbəblərini də açıqlayıb. O qeyd edib ki, valideynlərin qeyri-sağlam həyat tərzi, onların hormonal preparatlar qəbul etməsi, düzgün olmayan qidalanması uşaqlarda törəmələrin əmələ gəlməsinə təsir göstərə bilər: "Bəzən uşaqlarda ana bətnində olarkən şişlər yaranır. Bunu ultrasəs müayinəsi zamanı görmək mümkündür. Bəzi onkoloji xəstəliklər ana bətnində olsa da körpə dünyaya gələndən sonra öz-özünə spontan olaraq reqressiya edə, yəni geriyə inkişaf edə bilər. Ana bətnində uşağa diaqnoz qoyulursa, yalnız körpə doğulandan sonra tədbirlər görülür, yəni ana bətnində şişlər götürülmür. Körpə doğulan kimi müayinə olunur, kimya terapiya və cərrahi müalicə tətbiq olunur. Lakin şüa terapiya tətbiq edilmir".
Uşaqlarda leykoz sümük iliyi xəstəliyinin ilkin əlamətlərinə toxunan mütəxəsis vurğulayıb ki, leykoz sümük iliyinin xəstəliyidir:
"Bu zaman sümük iliyində blast transformasiyası olur, trombositlərin və eritrositlərin sayı düşür, leykositlərin sayı kəskin artır. Onların 80 faizi limfoblast leykoz, 15-20 faizi isə mioblast leykozdur. Leykoz zamanı dəri solğunluğu, qanaxmaya meyillilik, dəridə petexiyalar, göyərmələr, damaqlardan, burundan səbəbsiz qanaxma, iki həftədən çox davam edən səbəbsiz yüksək hərarət, təkrar və ya davamlı infeksiyalar, halsızlıq, iştahasızlıq və çəki itkisi, sümüklərdə, oynaqlarda ağrı hissi, axsama, limfoadenopatiya, nevroloji simptomlar, hepatosplenomeqaliya və s. müşahidə olunur. Bu zaman qanın ümumi analizi və sümük iliyinin punksiyasının təhlilindən sonra dəqiq diaqnoz qoymaq mümkündür. Leykoz sağalan xəstəlikdir. Limfoblast leykozu 80-90 faiz halda müalicə etmək olar. Mərkəzi sinir sistemi şişlərindən olan beyin şişləri baş ağrıları, başgicəllənmə, səndələmə, səbəbsiz qusma, ikigörmə simptomları ilə xarakterizə olunur. Uşaqlarda beyin sümükləri möhkəmlənmədiyindən törəmələr böyüsə də əvvəlcə simptomsuz keçir. Yalnız kəllədaxili təzyiq yuxarı olduqdan sonra əlamətlər özünü büruzə verir".