Sabirabadda biabırçı mənzərə: Yol kənarı zibillik poliqonuna çevrilib – 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi hara baxır?


Sabirabad rayonunun Qasımbəyli–Əskərbəyli istiqamətində, körpüyə çatmamış yolun kənarında yaranmış acınacaqlı vəziyyət ciddi narahatlıq doğurur. Sakinlərin videoya çəkərək sosial şəbəkələrdə paylaşdığı görüntülər göstərir ki, ərazi faktiki olaraq qanunsuz zibillik poliqonuna çevrilib.

İddialara görə, rayonun müxtəlif ərazilərindən gətirilən məişət tullantıları yolun kənarında yerləşən gölün ətrafına boşaldılır və sanki gölü tullantılarla doldurmaq cəhdi aparılır. Ətrafa yayılan üfunət, antisanitar vəziyyət və ekoloji çirklənmə həm sakinlərin sağlamlığı, həm də ətraf mühit üçün ciddi təhlükə yaradır.

Videomaterial Telexeber.az-ın YouTube səhifəsində də yayımlanıb və ictimaiyyətin diqqətinə çatdırılıb. Sakinlər bildirirlər ki, aidiyyəti dövlət qurumları vəziyyətə biganə yanaşır, dəfələrlə səsləndirilən narazılıqlara baxmayaraq, problem həllini tapmır.

Daha düşündürücü məqam isə odur ki, Sabirabadda fəaliyyət göstərən və ekoloji nəzarəti həyata keçirməli olan 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bu mənzərəyə münasibəti görünmür. Görəsən, bu qanunsuz tullantıların daşınması və təbiətin çirkləndirilməsi həmin qurumun diqqətindən necə yayınır? Yoxsa vəziyyəti görmək istəmirlər?

Tənqid yalnız bununla bitmir. Sakinlərin sözlərinə görə, Sabirabad şəhərinin məhəllədaxili yollarından, texnikuma və kollecə gedən yol boyunca da eyni acınacaqlı vəziyyət hökm sürür. Yolun kənarında atılmış heyvan cəsədləri, müxtəlif məişət tullantıları və ağır üfunət qoxusu təhsil alan gənclərin, müəllimlərin və ərazidə yaşayan insanların gündəlik üzləşdiyi mənzərəyə çevrilib.

Belə vəziyyət nə ekoloji normalara, nə də sanitariya qaydalarına uyğun gəlir. Təbiətin qorunması hər bir dövlət qurumunun vəzifəsi olduğu halda, bu qədər açıq ekoloji pozuntuların uzun müddət davam etməsi ciddi suallar doğurur.

Telexeber.az olaraq aidiyyəti qurumları, xüsusilə Ekologiya və Təbii Sərvətlər Nazirliyini, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsini və digər məsul dövlət orqanlarını bu faktları yerində araşdırmağa, qanunsuz tullantıların daşınmasına son qoymağa, ərazinin təmizlənməsini təmin etməyə və günahkar şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görməyə çağırırıq.

Əks halda, təbiətin bu cür amansızcasına məhv edilməsi, insanların sağlamlığının təhlükə altına atılması və Sabirabadın zibillik görüntüsü ilə gündəmə gəlməsi ictimai narazılığı daha da artıracaq.

Təbiət hamımızındır. Onu qorumaq isə hər bir məsul qurumun qanuni və vicdani borcudur.
Qarşı tərəfin (Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ya 3 saylı Regional İdarənin) mövqeyi üçün "qurumun münasibətini dərc etməyə hazırıq"
Популярный ролик